Azərbaycan iqtisadiyyatında neftdən asılılıq azalır - Nazir

Azərbaycan iqtisadiyyatında neftdən asılılıq azalır - Nazir
12:07

Bu ilin ilk 10 ayında dövlət büdcəsinə daxilolmaların 65 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.

News365.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qlobal ticarətdə parçalanma meyillərinin güclənməsi, təchizat zəncirlərinin yenidən formalaşması, enerji və nəqliyyat bazarlarında dəyişikliklər ölkələrin yeni artım mənbələri yaratmasını zəruri edir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın müdafiə qabiliyyəti gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb, sosial paketlər reallaşdırılıb. Bu vəzifələr ölkənin öz resursları hesabına, borclanmaya müraciət edilmədən həyata keçirilib.

Mikayıl Cabbarov qeyd edib ki, 2026-cı il noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard ABŞ dollarına yaxınlaşıb. Bu göstərici 2018-ci illə müqayisədə təxminən iki dəfə artıb və xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir.

Nazir iqtisadiyyatın neft-qaz sektorundan asılılığının ardıcıl şəkildə azaldığını vurğulayıb. Bildirib ki, cari ilin ilk 10 ayında ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı isə 2021-ci ildəki 49 faizdən cari ilin ilk 10 ayında 65 faizə yüksəlib.

Mikayıl Cabbarov əlavə edib ki, qeyri-neft gəlirləri 2021-ci ildə 17,9 milyard manat olduğu halda, 2026-cı ilin təsdiq edilmiş büdcəsində bu göstərici 22,2 milyard manatı ötüb. Qeyri-neft gəlirlərinin 63 faizdən çoxu bu sektordan daxil olan vergilər hesabına formalaşır.

Nazir, həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışının, xaricdə aktivlər əldə etməsinin ölkənin gəlir mənbələrinin şaxələndirilməsinə töhfə verdiyini bildirib.

O, dövlət şirkətlərinin idarə edilməsində də keyfiyyət dəyişikliklərinin baş verdiyini vurğulayıb. Qeyd edib ki, 2022-ci ildən etibarən dövlət şirkətlərində holdinq idarəetmə modelinə keçid və korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində islahatlar aparılır.


Sizin reklam burada
Sizin reklam burada