“Böyük üçlük” görüşü nə vəd edir? – Sammitin devizi “Dünya sənin, dünya mənim” olacaq?

“Böyük üçlük” görüşü nə vəd edir? – Sammitin devizi “Dünya sənin, dünya mənim” olacaq?
12:21

Məlum olduğu kimi, 4 gündən sonra (19 noyabrda) ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin üçlükdə görüşəcəklər. Görüş Çinin Şençjen şəhərində baş tutacaq.

Bu, bir növ G-3 sammitidir və G-7-dən, G-20-dən fərqli formatdır.

Rəsmən elan olunduğuna görə, “böyük üçlüy”ün danışıqlarının əsas mövzusu nüvə silahlarının azaldılması ilə bağlı mümkün razılaşma olacaq. Hər üç dövlət nüvə dövlətidir və arsenallarındakı nüvə başlıqlı raketlər hamınınkından çoxdur.

Ancaq müasir dünyada 5 raket az, 5 raket çox, o qədər də fərqi yoxdur. O kütləvi qırğın silahlarından başqa dövlətlərdə də var. Belədirsə, bu görüşə o biri nüvə dövlətləri (Britaniya, Fransa, Pakistan, Hindistan, Şimali Koreya, İsrail) nədən dəvət olunmayıb?

İşdir, birdən bu üç dövlət nüvə silahlarının azaldılması ilə bağlı hansısa razılığa gəldilər, bəs yerdə qalan 6 dövlət o razılaşmaya qoşulmasa necə olacaq? Yenidən bir N-9 (Nuklear-9) sammiti təşkil etmək lazım gəlməyəcəkmi?

Demək, nüvə danışıqları aysberqin dünya ictimaiyyətinə göstərilən tərəfidir, gözdən pərdə asmaq üçündür. Zatən, Amerika rəsmiləri xəbərdarlıq ediblər ki, ilk görüşdən sonra konkret razılaşmalar gözlənilməməlidir.

Tərəflərin Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırmadıqları qeyd olunur, lakin bu, inandırıcı deyil. Ukrayna məsələsi tərəflərin ikisinin – Rusiya və ABŞ-nin siyasi gündəminin əsas məsələsidir. Onlar hər gün bu mövzuda çoxsaylı bəyanatlar verirlər. Necə ola bilər ki, Tramp və Putin üzbəsurət görüşələr və məsələyə toxunmayalar.

Dünya mediası G-3 görüşünə “Yeni Yalta sammiti” adı qoyub və bu təsbit heç də əsassız deyil. O biri dövlətlərin siyasi dairələri və media quruluşları hesab edirlər ki, özlərini dünyanın üç ağası sayan ABŞ, Çin və Rusiya dünyanı öz təsir zonalarına bölmək istiqamətində məsləhətləşmələr aparmaq fikrindədirlər.

Bu təşəbbüsün ABŞ prezidenti Donald Trampdan gəldiyi, Rusiya prezidenti Vladimir Putini maraqlandırdığı, Çinin isə, prinsipcə, belə bir gəlişməyə etiraz etmədiyi düşünülür.

Hələ bu ilin əvvəlində ABŞ hərbçiləri Venesuelaya hücum edərək ölkənin prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə oğurlayıb ABŞ-yə aparanda Tramp “Monro doktrinası” adlandırılan bir konsepsiyadan bəhs etmişdi. Bu doktrina dünyanın bölünməsini və planetin qərb yarımkürəsində ABŞ-nin şəriksiz hökmranlığını nəzərdə tutur.

Ancaq Trampın hazırda yeritdiyi xarici siyasət xətti göstərir ki, o, özünü təkcə Amerika qitəsi ilə məhdudlaşdırmaq istəmir, Qərbi Avropada və Yaxın Şərqdə də gözü var. İkinci regionda ABŞ-nin planlarının qarşısında yalnız İran və Türkiyə dayanır, İsrail və ərəb dünyası ABŞ-nin kiçik müttəfiqləri statusundadır.

Bu da faktdır ki, Avropada bəzi güclü dövlətlər (Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya) ABŞ-nin hegemonluğunu 30-40 əvvəllərdə olduğu kimi qəbul etmirlər, ancaq Vaşinqtonda düşünürlər ki, yenidən güclənən Rusiyanın qarşısında avropalıların gedəcək yeri yoxdur.

Trampın Cənubi Amerikanın ən böyük dövləti olan Braziliyada planları indilikdə işləmir, onun dəstəklədiyi Bolsonaru prezident seçkisini uduzdu və ölkədən qaçmağa məcbur oldu, ancaq ümid var ki, gələcək seçkilərdə Braziliyada hakimiyyətə ABŞ-yə loyal siyasətçi gələcək.

Rusiyanın dərdi-azarı keçmiş sosialist düşərgəsi ölkələrində və süqut etmiş SSRİ respublikalarında öz təsir gücünü bərpa etməkdir. Əgər ABŞ buna xoşluqla şərait yaradırsa, Kreml üçün nə yaxşı. Bilindiyi kimi, həmin respublikalar 35 ildir müstəqil dövlət olmalarına baxmayaraq, Moskva onlardan bir gün, bir saat belə əl çəkməyib, hələ də onları özünün “arxa bağçası”, nə vaxtsa qayıdacağı yaylaq-qışlağı hesab edir.

Çin onsuz da ağır tonnajlı okean layneri kimi asta-asta öz məqsədinə doğru irəliləyir, dünyanın kiçik dövlətlərini özündən asılı vəziyyətə sala-sala gedir. Pekin dünyanın ən azı üçdə biri üzərində hegemonluğunu bərqərar edərkən, Rusiya və ABŞ kimi hərbi gücdən, qaba, təhdidkar diplomatiyadan istifadə etmir, o ölkələrə əsasən maliyyə və modern texnologiya ilə nüfuz edir. Çin maraqlıdır ki, bu siyasi xəttinə nə ABŞ, nə də Rusiya tərəfdən əngəl törədilməsin.

Beləliklə, G-3 dövlətlərinin maraqları üst-üstə düşür. Onlar dünyanı öz təsir dairələrinə bölərək, üç superdövlətdən biri olmağa hazırdırlar.

Ancaq dünyadakı status-kvo 81 il öncəkindən çox fərqlidir. O zaman II dünya müharibəsində qalib gəlmiş müttəfiqlər (ABŞ, SSRİ və İngiltərə) və məğlub olmuş müttəfiqlər (Almaniya, Yaponiya və İtaliya) vardı. Məğlublar kapitulyasiya aktı imzalamışdılar və qaliblərin dünyanı istədikləri kimi bölmələrinə heç bir müqavimət yox idi.

Hazırda isə elə deyil. Rusiya Ukrayna və Avropada, ABŞ Yaxın Şərqdə ciddi müqavimətlə üzləşib.

Bundan başqa, dünyada elə ölkələr var ki, onlar mənafelərinə toxunulduqda kobra ilanı kimi quyruqlarının üstünə qalxacaqlar. Məsələn, Qərbi Avropa dövlətləri, Hindistan və Pakistan, Braziliya və Argentina, Türkiyə və CAR o cür ölkələrdəndir. Onların hansısa böyük dövlətin təsir dairəsində olması, vassal, satellit statusu ilə razılaşması qeyri-mümkündür.

Bu baxımdan noyabrın 19-da baş tutacaq görüşdə gedən danışıqların dünya ictimaiyyəti üçün açıqlanan hissəsindən bilmək olacaq ki, tərəflər təkcə nüvə silahının azaldılmasından danışıblar, yoxsa “sən ağa, mən ağa, inəkləri də balaca ölkələr sağsın” mövqeyi sərgiləyiblər.


Sizin reklam burada
Sizin reklam burada