Qeyri-neft sektorunun büdcə gəlirlərində payı 55 faizi keçib

Qeyri-neft sektorunun büdcə gəlirlərində payı 55 faizi keçib
12:06

Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində müsbət dinamika davam edir. Cari ilin ilk 10 ayında ümumi daxili məhsulun (ÜDM) artımı tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin olunub. Dövlət büdcəsinin gəlirlərində də bu sahənin payı artaraq 55 faizi ötüb.

News365.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı isə 2021-ci ildə 49 faiz olduğu halda, cari ilin ilk 10 ayında 55 faizi ötüb.

M.Cabbarov diqqətə çatdırıb ki, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu məhz həmin sektordan daxil olan vergilər hesabına formalaşır.

Nazir qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmaların məbləğindəki artıma da toxunub. Bildirib ki, 2021-ci ildə bu göstərici 12,9 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin təsdiq olunmuş dövlət büdcəsində 22,2 milyard manat nəzərdə tutulub.

İqtisadiyyat naziri vurğulayıb ki, iqtisadiyyatın neft-qaz sektorundan asılılığının ardıcıl şəkildə azalması və qeyri-neft sektorunun inkişafı ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir.


Sizin reklam burada
Sizin reklam burada