Azərbaycanda saat hesabı əmək haqqı modelinin tədbiqi müzakirə olunur, bəzi təkliflər də var, amma, ciddi sullar da yaranır.
Məsələn, deputat Musa Quluyev deyib ki, “Təklifdə saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub".
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, indi minimum əmək haqqı 400 manatdır, 5 günlük iş həftəsi, 8 saatlıq iş günü hesabı ilə, 1 saata düşən əmək haqqı 2 manat 50 qəpikdir, həftədə 6 günlük iş qrafiki olanlar üşün isə 2 manat civarındadır:
“Yaxşı, bundan aşağı ola bilməz. Bildik, amma, məsələn, kimisə 2 saatlıq işə qəbul edib, işə görə gündə 5 manat verəcəklərsə, bu kimə sərf edəcək?!
Başqa bir sual odur ki, məmləkətdə iqtisadi sistem primitivdir, bəsitdir, bu elə iş yerlərinə də aiddir, yəni, muzdla çalışanların yarısına yaxını dövlət-büdcə işçiləridir ki, onları saatlıq iş qrafikinə necə keçirəcəklər?! Müəllimlər, həkimlər, polis, hüquq-mühafizə, məhkəmə - bunlar necə saatlıq işləyəcək?!
Özəl sektora isə bu keçidi diktə etmək olmaz, ancaq stimullaşdırmaq olar – yaxşı, özəl sektor bir işçini tapana, ona işi öyrədənə qədər zaman və pul xərcləyir, nədən bir iş yerinə, məsələn, 2-3 adam saat hesabı işə alsın ki?! Xeyri nə olacaq burdan?!
Niyə bu addım atılır, öz fikrimi deyə bilərəm – bu yanaşma daha çox dövlət-büdcə sektorunda olacaq. “Yeni İş yerləri”, indi bu təkliflə yaranacaq, məsələn, A nazirliyində, və ya, B dövlət qurumunda, məsələn, 100 işçi var, ortalama hər biri 1500 manat maaş alırlar. İndi saat hesabı iş qrafikinə keçəndə iş yeri sayı sabit qalacaq, amma, işçi sayı kəskin artacaq. Bu addım, güya, dövlət büdcəsinə qənaət və sosial addım kimi də qələmə veriləcək. Yəni, məsələn, A nazirliyi heç kimi işdən çıxartmadan, daha 100 işçi götürəcək, işçi sayı olacaq 200, amma, hər biri 4 saat işləyəcək, 4 saata, məsələn, 600 manat alacaq, 2 nəfərə olacaq 1200 manat, deməli, iş yerini ixtisar etmədən, hətta işçi sayını artıraraq, güya, yeni iş yerləri yaradaraq 300 manat bir iş yeri vahidində qənaət ediləcək”.
News365.az