Neft bazarında son durum

Neft bazarında son durum
09:46

Yaxın Şərqdə ABŞ və İran arasında hərbi gərginliyin yenidən alovlanması, eləcə də Hörmüz boğazında gəmiçiliyə qarşı artan təhdidlər dünya enerji bazarlarında ciddi narahatlıq yaradıb.

ABŞ qüvvələrinin İranın cənubundakı Hörmüzqan əyalətinin Sirik bölgəsinə endirdiyi zərbə və İranın buna cavab olaraq Bəhreyndəki ABŞ hərbi radar sistemini hədəf alması, habelə Qeşm adası üzərində Amerikanın "MQ-1" tipli zərbə-kəşfiyyat dronunu vurması regionda vəziyyəti yenidən kəskinləşdirib. Bununla yanaşı, son sutka ərzində Hörmüz boğazının şərqində daha bir neft tankerinin dəniz minasına toxunaraq alışması qlobal enerji təchizatı zəncirində yeni fasilələr yaranacağı ilə bağlı qorxuları artırıb.

Hərbi eskalasiya fonunda həftəsonu fasiləsi ərəfəsində keçirilən son birja hərraclarında neft qiymətləri ziddiyyətli dinamika nümayiş etdirib. Belə ki, Londonun "ICE" birjasında "Brent" markalı neftin yanvar fyuçersləri gün ərzində kəskin dalğalansa da, ticarəti 1 barel üçün 95,54 - 95,89 ABŞ dolları aralığında başa vurub. Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə "WTI" markalı neftin dekabr müqavilələri 88,18 - 88,56 ABŞ dolları səviyyəsində qərarlaşıb. Azərbaycanın "Azeri Light" markalı nefti isə dünya bazarında kəskin bahalaşaraq 2,8 dollar (2,8 faiz) artımla 102,68 ABŞ dollarına yüksəlib ki, bu da dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq baza qiymətini xeyli üstələyir.

Beynəlxalq Enerji Agentliyinin (BEA) son hesabatında oktyabr ayında Fars körfəzindən ixracın qismən bərpası hesabına qlobal bazarda təklifin tələbatı gündəlik təxminən 2 milyon barel üstələdiyi qeyd olunsa da, ekspertlər son hərbi toqquşmaların bu balansı yenidən poza biləcəyini vurğulayırlar. Analitiklərin fikrincə, ABŞ Prezidenti Donald Trampın Tehranla yeni razılaşmaya ehtiyac olmadığını bəyan etməsi və Hörmüz boğazında tanker hücumlarının davam etməsi fonunda yeni həftədə bazarlar açılarkən neftin qiymətində kəskin sıçrayışlar müşahidə oluna bilər.


Sizin reklam burada
Sizin reklam burada