Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən paraplan tipli uçuş aparatı müşahidə edilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib.
Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.
Dövlət Sərhəd Xidməti bir daha bildirir ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.