İlk baxışın yaratdığı illüziya

İlk baxışın yaratdığı illüziya
09:35
Bəzən bir insan haqqında düşüncələrimiz onun özündən daha sürətli formalaşır. Hələ bir kəlmə belə danışmamış, düşüncələrini bölüşməmiş, həyata münasibətini ortaya qoymamış onun haqqında zehnimizdə bütöv bir obraz yaradırıq. Geyiminə baxıb zövq sahibi, duruşuna baxıb özünəinamlı, sakitliyinə baxıb müdrik, üzündəki ifadəyə baxıb mərhəmətli olduğunu düşünürük. Halbuki bütün bunlar hələ insanın kim olduğunu göstərmir. Biz çox vaxt qarşımızdakı insanın həqiqətini deyil, onun görünüşündən aldığımız təəssüratın yaratdığı təsəvvürü qiymətləndiririk. İnsan şüurunun ən maraqlı xüsusiyyətlərindən biri də budur ki, bəzən çox az məlumatla çox böyük nəticələr çıxarırıq. Bir neçə saniyə ərzində qarşımızdakı insan haqqında müsbət və ya mənfi qənaət formalaşdırırıq. Sonra isə həmin qənaəti dəyişdirmək əvəzinə, onu təsdiqləyən əlamətlər axtarmağa başlayırıq. Beləliklə, tanımadığımız insan haqqında özümüzün yaratdığımız obrazın əsirinə çevrilirik. Ən qəribəsi isə odur ki, bəzən insanın gerçək şəxsiyyəti ilə bizim təsəvvür etdiyimiz şəxsiyyət arasında böyük bir uçurum olur. Həyatda elə insanlar var ki, ilk görüşdə heyranlıq yaradırlar. Danışıqları, geyimləri, davranışları, özlərini təqdim etmə bacarıqları diqqət çəkir. Onların yanında insan özünü sanki xüsusi bir şəxsiyyətlə ünsiyyətdə hiss edir. Lakin söhbət dərinləşdikcə, düşüncələr ortaya çıxdıqca, münasibətlər müxtəlif sınaqlardan keçdikcə ilkin heyranlıq öz yerini suallara verir. Məlum olur ki, zahirdə görünən əzəmətin arxasında düşündüyümüz qədər zəngin bir mənəvi dünya yoxdur. Bəzən insanın sözləri onun şəxsiyyətini böyütmək əvəzinə, haqqında yaratdığımız təsəvvürləri kiçildir. Çünki insan özünü təqdim edə bilər, amma kim olduğunu uzun müddət gizlədə bilməz. Təqdimat insanın idarə etdiyi bir prosesdir, xarakter isə onun gündəlik seçimlərində, münasibətlərində və davranışlarında üzə çıxır. Psixologiyada bu məsələnin maraqlı elmi izahlarından biri «halo effekti» adlanır. Bu, insanın bir müsbət xüsusiyyətinə əsaslanaraq onun digər xüsusiyyətləri haqqında da müsbət qənaətə gəlmək meylidir. Məsələn, gözəl danışan insanı avtomatik olaraq savadlı, bahalı geyinən insanı nüfuzlu, özünəinamlı görünəni isə ağıllı hesab edə bilərik. Halbuki bir xüsusiyyət digərinin mövcudluğuna zəmanət vermir. Bu psixoloji mexanizm insan münasibətlərində ciddi yanlışlıqlar yaradır. Çünki biz bəzən insanın həqiqətən sahib olduğu keyfiyyətləri deyil, onun bizdə oyatdığı hissləri qiymətləndiririk. Birinin nitqi xoşumuza gəlirsə, düşüncələrinin də doğru olduğunu zənn edirik. Birinin vəzifəsi yüksəkdirsə, onun mütləq daha bilikli olduğunu düşünürük. Halbuki nüfuz əxlaqın, vəzifə müdrikliyin, gözəl nitq isə həqiqətin sertifikatı deyil. Psixologiyada başqa bir maraqlı anlayış da təsdiqləmə qərəzidir. İnsan çox vaxt əvvəlcədən formalaşdırdığı fikrə uyğun məlumatları daha asan qəbul edir, həmin fikrə zidd olan faktları isə görməzlikdən gəlir. Birini yaxşı insan hesab etmişiksə, onun səhvlərinə bəhanə tapmağa, birini mənfi qiymətləndirmişiksə, yaxşı əməllərini belə kiçiltməyə meyil göstərə bilərik. Beləliklə, həqiqəti araşdırmaq əvəzinə, öz qənaətimizi müdafiə etməyə başlayırıq. Əsl düşüncə mədəniyyəti isə insanın öz fikrini də sorğu-suala çəkməyi bacarmasıdır. Çünki ağıllı insan yalnız başqalarının səhvlərini görən deyil, öz qənaətlərinin də yanlış ola biləcəyini qəbul edəndir. Fizikanın bizə öyrətdiyi bir həqiqət də bu mövzuya maraqlı fəlsəfi məna qazandırır. İşığın vakuumdakı sürəti saniyədə təxminən 299 792 kilometr, səsin havadakı sürəti isə normal şəraitdə saniyədə təxminən 343 metrdir. Buna görə uzaqdakı ildırımın əvvəlcə işığını görür, sonra gurultusunu eşidirik. Bu elmi həqiqət insan münasibətləri haqqında da düşündürücü bir bənzətmə yaradır. Zahiri görünüş ilk təəssüratı çox tez formalaşdırır. Lakin insanın düşüncəsini, dünyagörüşünü və xarakterini anlamaq üçün onun sözlərini dinləmək, davranışlarını müşahidə etmək və zamana ehtiyac duymaq lazımdır. Bəzən bir insanın zahiri parıltısı zehnimizdə böyük bir heyranlıq yaradır, amma düşüncələri həmin heyranlığı davam etdirməyə kifayət etmir. Bəzən isə ilk baxışda sadə görünən bir insanın fikirləri ilə tanış olduqca onun daxili dünyasının nə qədər zəngin olduğunu kəşf edirik. Deməli, görünmək ilə olmaq arasında böyük məsafə var. Görünmək başqalarının diqqətini qazanmaqdır, olmaq isə insanın öz vicdanı qarşısında kimliyini qorumasıdır. Qədim yunan filosofu Platonun məşhur mağara alleqoriyası bu məsələyə fərqli bir baxış təqdim edir. O, insanların bəzən gördükləri kölgələri həqiqətin özü hesab etdiklərini təsvir edirdi. İnsanlar yalnız gördükləri ilə kifayətlənir, həqiqətin daha dərin tərəflərini dərk edə bilmirlər. Bu fikir insan münasibətlərinə də aiddir. Biz bəzən insanın özünü göstərdiyi tərəfi onun bütün şəxsiyyəti hesab edirik. Halbuki hər kəsin cəmiyyətə nümayiş etdirdiyi bir üzü, yaxın münasibətlərdə üzə çıxan başqa bir tərəfi var. İnsan ictimai mühitdə nəzakətli, şəxsi münasibətlərində səbirsiz; kütlə qarşısında ədalətli, öz maraqları qarşısında isə qərəzli ola bilər. Buna görə də insanı yalnız bir mühitdə müşahidə etməklə tanımaq mümkün deyil. Sokratın fəlsəfi irsində özünü tanımaq və biliyin sərhədlərini dərk etmək mühüm yer tutur. Onunla əlaqələndirilən "özünü tanı" düşüncəsi insanın yalnız öz qabiliyyətlərini deyil, həm də öz məhdudiyyətlərini, qərəzlərini və bilmədiklərini qəbul etməsini nəzərdə tutur. Çünki özünü dərk etməyən insan başqalarını da düzgün qiymətləndirməkdə çətinlik çəkir. Ən böyük intellektual təhlükələrdən biri bilmədiyini bilmədiyi halda özünü hər şeyi bilən hesab etməkdir. Belə insanlar üçün söhbət həqiqəti tapmaq vasitəsi deyil, özlərini təsdiqləmək meydanıdır. Onlar dinləməkdən daha çox danışmağa, öyrənməkdən daha çox öyrətməyə, düşünməkdən daha çox hökm verməyə üstünlük verirlər. Halbuki müdriklik hər suala cavab vermək deyil, hansı sualın qarşısında hələ cavabsız qaldığını da bilməkdir. İnsanın danışığı onun daxili dünyasına açılan pəncərələrdən biridir. Lakin burada yalnız sözlərin gözəlliyindən danışmırıq. Əsas məsələ insanın hansı fikirləri müdafiə etməsi, hansı dəyərlərə hörmət göstərməsi və düşüncələrini hansı əxlaqi prinsiplərlə əlaqələndirməsidir. Elə insanlar var ki, mürəkkəb terminlərdən istifadə edir, fəlsəfi ifadələr söyləyir, müxtəlif kitablardan sitatlar gətirirlər. Onları dinləyənlər ilk anda böyük bilik sahibi olduqlarını düşünə bilərlər. Ancaq bir qədər dərinə getdikdə məlum olur ki, söz ehtiyatı ilə düşüncə dərinliyi eyni şey deyil. Termin bilmək anlayışı dərk etmək demək deyil. Sitat gətirmək isə həmin fikrin mahiyyətini mənimsəmək anlamına gəlmir.
Kitab oxumaq insanın dünyagörüşünü genişləndirə bilər, amma insanın əxlaqını avtomatik dəyişdirmir. Bilik insanın zehnində qala, lakin davranışlarına keçməyə bilər. Əgər bir insan ədalətdən danışır, amma haqsızlıq qarşısında susursa, mərhəməti müdafiə edir, amma ehtiyacı olan insana laqeyd yanaşırsa, onun biliyi ilə əxlaqı arasında məsafə yaranıb. Əslində, insanın savadı yalnız nə qədər məlumat toplaması ilə deyil, həmin məlumatların onun düşüncəsinə və davranışına necə təsir etməsi ilə də ölçülməlidir. Çünki bilik insanı daha təvazökar, daha ədalətli, daha anlayışlı etmirsə, orada yalnız məlumat artımı baş verib, mənəvi inkişaf isə eyni sürətlə irəliləməyib. Qurani-Kərimin Hucurat surəsinin 13-cü ayəsində insanların xalqlara və qəbilələrə ayrılmasının bir-birini tanımaq məqsədi daşıdığı, Allah yanında ən üstün olanların isə təqva sahibi olanlar olduğu bildirilir. Bu yanaşma insanın dəyərini mənsubiyyət, sosial mövqe və zahiri göstəricilərlə ölçməyin yanlışlığını xatırladır. İsra surəsinin 36-cı ayəsində isə insanın bilmədiyi şeyin ardınca getməməsi tövsiyə olunur. Bu mənəvi prinsip bizə bilmədiyimiz, araşdırmadığımız, həqiqətinə bələd olmadığımız məsələlər haqqında hökm verməyin məsuliyyətini xatırladır. İnsanlar haqqında da belə düşünməliyik. Birini tanımadan ona yüksək qiymət vermək necə yanlışdırsa, onu tanımadan alçaltmaq da bir o qədər yanlışdır. İnsanın mənəvi dəyəri yalnız dini ifadələr işlətməsində və ya ibadət görüntüsündə deyil, onun davranışlarında da özünü göstərməlidir. Əgər insan dini dəyərlərdən danışır, lakin başqasının haqqına hörmət etmir, insanları alçaldır, yalan danışır və haqsızlıq edirsə, onun sözləri ilə əməlləri arasında ciddi ziddiyyət mövcuddur. İnsanın mənəvi böyüklüyü özünü nə qədər üstün göstərməsində deyil, vicdanının ona nəyi etməyə imkan verməməsində də görünür. Başqasının haqqını qorumaq, zəifə qarşı mərhəmətli olmaq, özündən fərqli düşünənə hörmət etmək və gücü çatdığı halda haqsızlıq etməmək mənəvi yetkinliyin mühüm göstəriciləridir. Cəmiyyətin də bu məsələdə özünəməxsus yanlışlıqları var. Bəzən insanların hansı vəzifəni tutduğu, hansı avtomobildən istifadə etdiyi, necə geyindiyi, kimlərlə ünsiyyətdə olduğu onların şəxsiyyətinin göstəricisi kimi qəbul edilir. Nəticədə insanın nə olduğu ilə necə göründüyü bir-birinə qarışır. Cəmiyyət bəzən mahiyyətdən çox təqdimata qiymət verir. İnsanlar özlərini nümayiş etdirməyi öyrənirlər, amma özlərini tanımağı unudurlar. Başqalarının onları necə qiymətləndirdiyini düşünürlər, lakin öz vicdanlarının onları necə qiymətləndirdiyi barədə az düşünürlər. Sosial şəbəkələr bu məsələni daha da mürəkkəbləşdirib. İnsanlar həyatlarının yalnız seçilmiş anlarını paylaşır, uğurlarını göstərir, xoşbəxtliklərini nümayiş etdirir, problemlərini isə çox vaxt görünməz saxlayırlar. Beləliklə, başqalarının həyatını bütöv şəkildə deyil, onların nümayiş etdirmək istədikləri hissələr əsasında qiymətləndiririk. Bir fotoşəkil insanın xoşbəxt olduğunu, bahalı əşyalar onun zəngin mənəviyyata sahib olduğunu, çoxlu izləyici isə onun müdrikliyini sübut etmir. Populyarlıqla şəxsiyyət, tanınmaqla hörmət, diqqət mərkəzində olmaqla dəyərli olmaq ayrı-ayrı anlayışlardır. İnsanın xarakteri ən çox müxtəlif vəziyyətlərdə üzə çıxır. İnsan səhv etdikdə üzr istəməyi bacarırmı?, Haqlı olmadığı zaman bunu qəbul edirmi?, Başqasının uğuruna sevinə bilirmi?, Özündən fərqli düşünən insanı dinləyə bilirmi?, Ona heç bir fayda verməyəcək birinə də hörmət göstərirmi? Bunlar sadə suallar kimi görünə bilər, amma əslində şəxsiyyətin dərin qatlarına toxunur. Çünki insanın əsl xarakteri yalnız üstün olduğu məqamlarda deyil, özünü haqlı çıxara bilmədiyi anlarda da görünür. Özündən güclü insanlara nəzakət göstərmək bəzən maraqdan qaynaqlana bilər, amma heç bir mənfəət gözləmədiyi insanlara hörmət göstərmək daha çox mənəvi keyfiyyətlə bağlıdır. İnsan haqqında ən ciddi qənaətlərdən biri də onun güclə münasibətindən yaranır. Səlahiyyət əldə edən kimi dəyişən, vəzifəyə yüksələn kimi əvvəlki münasibətlərini unudan, bir az imkan qazanan kimi başqalarına yuxarıdan baxan insanın problemi vəzifədə deyil, xarakterindədir. Vəzifə insana yeni şəxsiyyət vermir, çox vaxt onun mövcud xüsusiyyətlərini daha aydın göstərir. Güc də insanı mütləq dəyişdirmir; bəzən sadəcə daxilində gizlənənləri üzə çıxarır.
Bütün bunlarla yanaşı, insanları zahiri görünüşlərinə görə qiymətləndirməmək çağırışı onların hər sözünü və hər davranışını sorğusuz qəbul etmək demək deyil. İnsanları tanımaq üçün həm açıq fikirli, həm də tənqidi düşüncəyə sahib olmaq lazımdır. Bəzən ilk təəssüratımız doğru ola bilər, bəzən isə tamamilə yanıldığımız ortaya çıxar. Ona görə də nə ilk heyranlığın əsiri olmaq, nə də bir yanlış davranışa görə insanın bütün şəxsiyyətinə hökm vermək doğrudur. Əsl müdriklik hər kəsi yaxşı hesab etmək deyil, hər kəs haqqında ədalətli düşünə bilməkdir. İnsanları dinləmək, onların düşüncələrini anlamağa çalışmaq, eyni zamanda söylədiklərini məntiqlə və faktlarla qiymətləndirmək lazımdır. Həyatın bizə öyrətdiyi ən mühüm həqiqətlərdən biri budur ki, hər parlayan şey qiymətli olmadığı kimi, hər sakit görünən insan da dərin düşüncə sahibi deyil. Görünüş ilk diqqəti cəlb edə bilər, sözlər maraq oyada bilər, amma insanın həqiqi dəyəri onun zamanla ortaya qoyduğu davranışlarda formalaşır. İnsan özünü gözəl sözlərlə təqdim edə bilər, amma başqasının haqqını tapdalayırsa, o sözlərin mənəvi çəkisi azalır. Müdriklikdən danışa bilər, amma fərqli fikrə dözümsüzdürsə, düşüncəsinin sərhədləri görünür. Ədaləti müdafiə edə bilər, amma öz maraqları qarşısında ədaləti unudursa, prinsiplərinin nə qədər möhkəm olduğu sual altına düşür. Bəzən qarşımızdakı insanı tanımaq üçün onun nə qədər danışdığını deyil, danışdıqlarının həyatında nə qədər yer tutduğunu görmək lazımdır. Çünki söz insanın iddiasıdır, əməl isə həmin iddianın sınağıdır. İnsan haqqında ilk təəssürat yaratmaq asandır, amma həqiqi qənaətə gəlmək üçün düşünmək lazımdır. Gözlərimiz görünəni seçir, qulaqlarımız deyiləni eşidir, ağlımız mənanı araşdırır, vicdanımız isə bütün bunların qarşısında öz hökmünü verir. Bəlkə də ən böyük yanılğımız insanın özünü necə göstərdiyinə aldanıb, onun əslində necə biri olduğunu öyrənməyi unutmağımızdır. Halbuki insanın böyüklüyü başqalarının gözündə nə qədər uca görünməsində deyil, heç kimin onu izləmədiyi zamanlarda da hansı dəyərlərə sadiq qalmasındadır. Zahiri gözəllik baxışları cəlb edir, düşüncənin gözəlliyi maraq oyadır, xarakterin gözəlliyi isə hörmət qazandırır. Birincisi görünür, ikincisi anlaşılır, üçüncüsü zamanla sübut olunur.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada