Büdcə profisitinin gətirdiyi bəlalar

Büdcə profisitinin gətirdiyi bəlalar
09:59

“Azərbaycan iqtisadiyyatı model olaraq çox bəsitdir. Bu haqda illərdir yazmışıq deyə, indi detallı izah etməyə lüzum görmürəm.

Amma, onlillərdir dəyişməyən detalı yenə qeyd etmək lazımdır: Azərbaycanda iqtisadi aktivliyin motoru həmişə büdcə xərcləri olub – pisdir, yoxsa yaxşıdır, bu ayrı mövzudur, fakt olaraq belə bəsit model qurulub”.

Bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, büdcə xərcləri həmişə aktivliyi stimullaşdırıb, əlavə dəyər yaratmağa kömək edib, ÜDM artımının əsas “driveri” olub:

“Bu primitiv modeli dəyişmədən büdcə qənaəti rejiminə keçmək çox böyük yanlışdır, bu gün iqtisadiyyatda baş verən süstlüyün əsas səbəblərindən biridir.

Büdcə xərcləri lazım oldu-olmadı azaldılır, qənaət və büdcəyə daha çox vəsait cəlbi hökumətin əsas hədəfinə, məqsədinə çevrilib – bu isə ÜDM artım tempini, iqtisadi aktivliyi azaldır, pararlel olaraq da insanların gəlirləri azalır.

2026-cı ilin yanvar–oktyabr ayları üzrə Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. Bu dövrdə büdcə gəlirləri 33 milyard 569,6 milyon manat, büdcə xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib. Maliyyə Nazirliyi bu il qəribə bir praktikaya əl atdı, xəzinədə yaranan profisiti, yəni, layihələrə qırıq-qırıq pul ayırmaqla “qənaət etdiyi” vəsaitin bir qismini banklara depozitə də qoydu – tam mənasız yanaşma idi.

Yəni, hökumət yığdığını xərcləsəydi, yenə dərd-yarı idi, vergi-rüsum-cərimə artımı ilə vətəndaş və biznes yüklənir, büdcəyə pul daxil olması artır, hökumət isə yığdığını xərcləmir, iqtisadiyyata buraxmır ki, əlavə dəyər yaranması sürətlənsin, iqtisadiyyat canlansın.

Hökumət ən kiçik, məsələn, 10 mln. manatlıq layihəyə pul ayrırsa, bunun multiplikativ effekti olur. Yəni, tutulım, 10 mln. manata məktəb tikilir – daş, qum, sement, şeben, armatur və s. istehsal edən, daşıyan qazanır. Daşıyan zamanı “KAMAZ” xarab olur, və ya təkəri deşilir - təmir edən, təkər yamayan qazanır, yolda acır, kafeyə gedib piti yeyib – kafe də qazanır. Məktəbi tikən usta, fəhlə maaş alır – qazanır, yaxşı, bu qədər insan qazaındığı pulu nə edir – bəli, gedir marketə ərzaq alır - ərzaq satan qazanır, ərzağı gətirən, və ya istehsal edən qazanır. Sonra gedir uşağına ayaqqabı alır – ayaqqabı satan, gətirən, istehsal edən qazanır. Evinə təzə TV alır – tv satan, gətirən qazanır.

Hətta bu layihələrdə korrupsiya əməlləri olsa belə, bu da iqtisadi aktivliyə təsir edir – 10 mln. manatdan 1 mln. oğurlayan imza sahibi məmur o pula villa tikit – yenə bayaq yazdığım zəncir işə düşür, uşaqlarına 5 müəllim tutur – müəllim qazanır, həyat yoldaşı başını yeyir, ona bir gözəllik salonu açır – orda da iqtisadi aktivlik yaranır, hətta məşuqəsi ona maşın, ev aldırır, bu da iqtisadi canlama yaradan faktor olur.

Mən demirəm ha ki, korrupsiya olsun, a tövbə, deyirəm ki, bu da effekt verir.

Xülasə, 30 ildir oturuşmuş, primitiv, bəsit iqtisadi modeli DƏYİŞMƏDƏN büdcə xərclərini azaltmaq, və ya, hər yolla büdcəni doldurmaq yanlışdır, səhvdir, ölkə iqtisadiyyatını çürüdən, zəiflədən yanaşmadır...”

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada