Kriptovalyuta bazarında satış təzyiqi güclənib. İnstitusional investorların vəsaitlərini bazardan çıxarması, kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması və ABŞ-da faiz dərəcələrinin artırılması ehtimallarının gündəmə gəlməsi Bitcoinin qiymətini son dörd ayın minimumuna endirib. Dünyanın ən böyük kriptovalyutası 60 min dollar ətrafında yerləşən iri likvidasiya zonasına yaxınlaşır.
Bu gün Asiya ticarət sessiyasında Bitcoinin qiyməti 62 112 dollara qədər geriləyib. Bu, iyulun 14-dən bəri qeydə alınan ən aşağı göstəricidir. Beləliklə, oktyabrın 21-dən başlayan satış dalğası nəticəsində kriptovalyuta dəyərinin təxminən 25 faizini itirib.
Sonradan itkilərin bir hissəsini kompensasiya edən Bitkoin saat 08:39-a olan məlumata görə 64 843,6 dollar səviyyəsində ticarət olunub.
Digər aparıcı kriptovalyutalarda da kəskin ucuzlaşma müşahidə edilib. Etherin qiyməti 1 711 dollara düşərək iyulun 8-dən bəri ən aşağı səviyyəyə enib. Son bir həftədə Bitcoin təxminən 17 faiz ucuzlaşıb, Ether, XRP və Solana isə daha böyük itkilərlə üzləşib.
Bitcoinin enişi qiymətin 73 min dollar ətrafında yerləşən 200 günlük hərəkətli ortalamanı aşağı istiqamətdə keçməsindən sonra daha da sürətlənib. Bu texniki siqnal bazarda yeni qısa mövqelərin açılmasına, eyni zamanda kredit çiyni ilə qiymət artımına mərc edən investorların mövqelərinin məcburi bağlanmasına səbəb olub.
Coinglass platformasının məlumatlarına əsasən, bazar günü Sinqapur vaxtı ilə səhər saatlarında başa çatan 24 saat ərzində təxminən 2 milyard dollar dəyərində kriptovalyuta mövqeyi ləğv edilib. Bunun 774 milyon dolları Bitkoin, 488 milyon dolları isə Ether üzrə mövqelərin payına düşüb.
Blokçeyn analitikası şirkəti Glassnode-un qiymətləndirməsinə görə, 59 500-62 600 dollar diapazonunda potensial likvidasiyaların əhəmiyyətli konsentrasiyası mövcuddur. Bu isə Bitkoinin qiymətində əlavə enişin yeni məcburi satış dalğasına səbəb ola biləcəyi riskini artırır.
Kriptovalyuta bazarına institusional kapital axınında da ciddi zəifləmə qeydə alınır. ABŞ-da qeydiyyatdan keçmiş spot Bitcoin birja fondları (ETF) oktyabrın 30-dan noyabrın 13-dək təxminən 3 milyard dollar xalis vəsait itkisi ilə üzləşib.
Son ticarət həftəsində bu fondlardan kapital axını təxminən 1,07 milyard dollar təşkil edib. Nəticədə ardıcıl yeddi ticarət sessiyası ərzində xalis vəsait çıxışı qeydə alınıb.
İnstitusional tələbatın zəifləməsi, yüksək kredit çiyni ilə açılmış mövqelərin kütləvi likvidasiyası və texniki göstəricilərin pisləşməsi kriptovalyuta bazarında təzyiqi artıran əsas amillər kimi çıxış edir. Xüsusilə 60 min dollar həddinə yaxınlaşma investorların diqqətini bu qiymət zonasındakı mümkün məcburi satış risklərinə yönəldib.