“İqtisadiyyatın diversifikasiyası və qeyri-neft
istehsalının stimullaşdırılmasının nəticəsi olaraq növbəti ildə də neftdən
asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə
1,7 faiz bəndi az olmaqla, 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq
ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni
2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas
hədəflərimizdəndir”.
News365.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan
Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin
Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2027-ci ildə icmal büdcədə
qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə
çatacaqdır. Bu cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz-bənd çoxdur.
S.Babayev bildirib ki, büdcədə qeyri-neft gəlirlərinin
payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz
müsbət təsirini göstərir. Belə ki, növbəti il üçün bu göstərici 90,1 faizə bərabər
olacaqdır. Ortamüddətli dövrün sonuna cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri
hesabına örtülməsi nəzərdə tutulur.
“2027-ci il üçün dövlət büdcəsi
investisiyayönümlülüyü ilə də diqqəti cəlb edir. Belə ki, 2027-ci il üzrə dövlət
büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5 faizinə bərabərdir. Bu isə
region ölkələrini xeyli qabaqlayır. Həmçinin, sevindirici haldır ki, növbəti
ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq,
beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz
qalmayacaqdır. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da
artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz
azalmasına imkan yaradacaqdır”, deyə maliyyə naziri buildirib.