Rektor AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb - FOTOLAR

Rektor AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb - FOTOLAR
11:50

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2026/2027-ci tədris ilində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində universitetə qəbul olunan əcnəbi tələbələrlə görüşüb.

News365.az xəbər verir ki, görüş zamanı beynəlxalq təhsil proqramının əhəmiyyəti, AzTU-da yaradılan təhsil imkanları və tələbələrin akademik inkişaf perspektivləri müzakirə olunub.

Tələbələr universitetdə təhsil almaqla bağlı təəssüratlarını bölüşüb, gələcək planlarından, ixtisasları üzrə bilik və bacarıqlarını artırmaq, eləcə də elmi və peşəkar fəaliyyətlərini inkişaf etdirmək məqsədlərindən danışıblar.

Rektor Vilayət Vəliyev tələbələrə təhsillərində uğurlar arzulayıb və onların universitetin elmi-akademik həyatında fəal iştirakının vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanda əldə edəcəkləri bilik və təcrübənin gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində əcnəbi tələbələr ilk dəfədir AzTU-da təhsil alırlar. Universitetə qəbul olunan tələbələr Sudan, Ekvador, Fil Dişi Sahili, Qambiya və Tanzaniya vətəndaşlarıdır.


Sizin reklam burada
Sizin reklam burada