"Yeni müharibə olarsa, Azərbaycan Ermənistanı darmadağın edəcək" - The National Interest

"Yeni müharibə olarsa, Azərbaycan Ermənistanı darmadağın edəcək" - The National Interest
11:57

ABŞ-ın nüfuzlu "The National Interest" jurnalı Azərbaycan və Ermənistanın hərbi-hava qüvvələrinin imkanlarını müqayisə edən geniş təhlil yayımlayıb.

Milli təhlükəsizlik məsələləri üzrə ekspert Harrison Kassın müəllifi olduğu məqalədə rəsmi Bakının hava məkanında, pilotsuz uçuş aparatları (PUA) və yüksək dəqiqlikli silahlarda malik olduğu üstünlüyün İrəvana heç bir şans buraxmadığı vurğulanır.

Məqalədə Azərbaycanın hərbi və iqtisadi potensialının Ermənistanı dəfələrlə üstələdiyi qeyd olunur. Müəllif bildirir ki, Azərbaycanın 167-dən çox təyyarə və helikopter parkı, 15 minlik şəxsi heyəti ilə müqayisədə, Ermənistanın cəmi 70 uçuş aparatı və 5 minlik heyəti var.

Ekspertin təhlilinə görə, Bakının əsas üstünlüyü texnologiyadadır:

PUA-lar: Türkiyə istehsalı "Bayraktar TB2", eləcə də İsrailin "Harop" və "SkyStriker" zərbə PUA-ları Azərbaycan ordusuna düşmənin hava hücumundan müdafiə sistemlərini (HHM) iflic etmək və strateji hədəfləri məhv etmək imkanı verir.

Döyüş aviasiyası: Azərbaycanın arsenalında olan MiQ-29, Su-25 və müasir JF-17 "Thunder" qırıcıları hava üstünlüyünü təmin edir.

Ermənistanın çatışmazlığı: Məqalədə qeyd edilir ki, Ermənistanın malik olduğu cəmi 4 ədəd Su-30SM qırıcısı infrastruktur və koordinasiya problemlərinə görə öz potensialını reallaşdıra bilmir.

Müəllif xatırladır ki, İkinci Qarabağ müharibəsinin taleyini məhz pilotsuz sistemlər həll edib.

H.Kass yekun olaraq bildirir ki, kənar müdaxilə olmadan baş verəcək hər hansı yeni qarşıdurmada Azərbaycan ordusunun taktiki üstünlüyü və texnoloji imkanları qələbəni qaçılmaz edir. Məhz bu səbəbdən də sülh sazişinin imzalanması Ermənistan üçün yeganə çıxış yoludur.


Sizin reklam burada
Sizin reklam burada