Azərbaycan və Özbəkistan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri, Ali Dövlətlərarası Şurasının 3-cü iclası və imzalanan “Əbədi dostluq haqqında Müqavilə” iki qardaş ölkə arasında strateji tərəfdaşlığın möhkəm təməlini qoyub.
Mövzu ilə bağlı News365.az-a müsahibə verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, mövcud əlaqələri sadəcə "tarixi pik" kimi deyil, daha böyük geosiyasi və geoiqtisadi perspektivlərin başlangıcı kimi qiymətləndirmək lazımdır.

Deputat iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərini və strateji əhəmiyyətini belə tərənnüm edib:
İqtisadi hədəf: 1 milyard dollar
Son 5 ildə qarşılıqlı ticarət dövriyyəsinin 3 dəfə artdığını vurğulayan Elçin Mirzəbəyli, 2030-cu ilə qədər bu göstəricini 1 milyard dollara çatdırmağın hədəfləndiyini bildirib. O qeyd edib ki, tərəflər artıq sadə ticarət modelindən birgə istehsal zəncirinin qurulmasına (bank, dağ-mədən, kənd təsərrüfatı, "yaşıl" enerji və tikinti materialları sahəsində) keçirlər.
Türk dünyasının yeni inteqrasiya modeli
"Bakı və Daşkənd Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə yaxınlaşdıran iki strateji dayaq nöqtəsidir. Bakı Qərbə (Türkiyə və Avropaya), Daşkənd isə Mərkəzi Asiyanın mərkəzinə çıxış imkanı yaradır. Bu qarşılıqlı tamamlama Türk dünyası daxilində yeni bir strateji tərəfdaşlıq modelidir."
Orta Dəhliz və Avrasiya nəqliyyat xəritəsi
Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistanın nəqliyyat-logistika sahəsindəki birgə addımları Orta Dəhlizi sadəcə bir nəqliyyat layihəsi kimi deyil, geosiyasi platformaya çevirir. Özbəkistandan çıxan yüklərin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınması bütün Avrasiyanın nəqliyyat xəritəsinə birbaşa təsir göstərir.