Ermənistanda baş nazir Nikol Paşinyanla Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin arasında uzun müddətdir davam edən qarşıdurma yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Belarus prezidenti Aleksandr Lukaşenkonun erməni kilsəsinin rəhbərinə ünvanladığı doğum günü təbriki diqqət çəkib.
İrəvanda II Qareginin siyasi hakimiyyət tərəfindən təzyiq altında saxlanıldığı, hətta onun barəsində cinayət təqibi və həbs imkanının gündəmə gətirildiyi bir dönəmdə Lukaşenkonun açıq şəkildə katolikosun fəaliyyətini yüksək qələmə verməsi təsadüfi görünmür. Belarus liderinin təbrikində II Qareginin bütün həyatının xristian kilsəsinə və erməni xalqına xidmətin, fədakarlığın və sədaqətin nümunəsi olduğu vurğulanıb. Lukaşenko katolikosa möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətində uğurlar arzulayıb.
İlk baxışdan dini liderə ünvanlanmış adi protokol təbriki təsiri bağışlasa da, Ermənistan daxilində kilsə-hakimiyyət qarşıdurmasının kəskinləşdiyi bir vaxtda bu mesajın siyasi çəkisi də artır. Çünki Paşinyan hökuməti ilə II Qaregin arasında münasibətlər artıq sadə fikir ayrılığı çərçivəsindən çıxıb. Ermənistan hakimiyyəti katolikosun fəaliyyətini və şəxsi həyatını hədəfə alan açıqlamalar verir, II Qaregin isə Paşinyanın kilsəyə müdaxilə etdiyini bildirərək baş nazirə qarşı sərt mövqe nümayiş etdirir. Ermənistan parlamentində və siyasi dairələrdə katolikosun istefası məsələsinin gündəmə gətirilməsi də qarşıdurmanın miqyasını göstərir.
Belə bir fonda Lukaşenkonun II Qareginə “xristian kilsəsinə və erməni xalqına yüksək səviyyədə xidmətin, fədakarlığın və sarsılmaz sədaqətin nümunəsi” kimi qiymət verməsi diqqətçəkən mesajdır. Belarus lideri bununla bir tərəfdən erməni kilsəsinin rəhbərinə şəxsi dəstək nümayiş etdirir, digər tərəfdən isə İrəvanda hakimiyyətlə kilsə arasında gedən mübarizə fonunda II Qareginin nüfuzunu vurğulamış olur.