Deputat yerinə yetirə bilmədiyi vədlərdən danışdı: “İki səbəbi var”

Deputat yerinə yetirə bilmədiyi vədlərdən danışdı: “İki səbəbi var”
15:27

Milli Məclisin deputatları seçki kampaniyası zamanı və mandat aldıqdan sonra seçicilərinə müxtəlif vədlər verirlər. Bu vədlərin bir qismi deputatların şəxsi təşəbbüsü ilə bağlı olduğu halda, bir qismi seçicilərin müraciətləri əsasında formalaşır. Lakin deputatın bütün vədləri və müraciətləri yerinə yetirməsi hər zaman mümkün olmur. Buna səbəb həm məsələlərin qanunvericilik və icra imkanları ilə bağlı olması, həm də deputatın səlahiyyətlərinin müəyyən çərçivədə məhdudlaşmasıdır.

Bəs deputatlar hansı vədləri yerinə yetirə bilməyiblər və buna nə səbəb olub?

Rubrikanın ilk qonağı Milli Məclisin deputatı Əziz Ələkbərlidir. O, seçicilərindən daxil olan müraciətlərə münasibət bildirib və bəzi hallarda məsələlərin həllinin deputatın səlahiyyət və imkanlarından kənarda olduğunu diqqətə çatdırıb.

Deputat “İndiyə kimi verdiyiniz hansı vədi yerinə yetirməmisiniz?” sualını cavablandırarkən bildirib ki, ona ünvanlanan heç bir müraciəti cavabsız qoymamağa, ən azı problemin həlli üçün cəhd göstərməyə çalışır:

“İstər seçicilərimə verdiyim vədlər olsun, istərsə də vermədiyim vədlər olsun, mənə olunan heç bir müraciəti cavabsız qoymuram. Ən azı, həlli üçün cəhd göstərirəm. Amma yerinə yetirə bildiyim də olur, yerinə yetirə bilmədiyim də. Yerinə yetirə bilməməyimin iki səbəbi var. Birincisi odur ki, olunan müraciətlərin bir hissəsi haqsız olur. Məsələn, tutaq ki, övladı cinayət törədir, çox ciddi cəza alır, valideyni zəng edir ki, onu qurtar. İkinci səbəb odur ki, bəzən nəzərə almırlar ki, deputatın səlahiyyətinin də, imkanlarının da müəyyən həddi var. Amma bütün hallarda qanun çərçivəsində bacardığım köməyi etməyə çalışıram”./// modern


Sizin reklam burada
Sizin reklam burada