Kartdan karta pul köçürərkən bir rəqəmi səhv yazmaq və ya diqqətsizlik etmək vəsaitin tamamilə özgə bir şəxsin hesabına getməsinə səbəb ola bilər. Bəs belə hallarda bank həmin pulu dərhal geri qaytara bilir akademik mexanizm varmı?
Məsələ ilə bağlı News365.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, hazırda səhv köçürülən vəsaitin birtərəfli və məcburi qaydada geri qaytarılması üçün vahid hüquqi prosedur mövcud deyil:

"Pul köçürməsi şəxsin öz iradəsi və razılığı ilə həyata keçirildiyi üçün bankın təsir imkanları məhduddur. Bank qarşı tərəfin hesabındakı vəsaiti onun icazəsi olmadan tutub geri qaytara bilməz. Pulun geri qayıtması tamamilə vəsaiti alan şəxsin vicdanından və yaxşı niyyətindən asılıdır. Əgər həmin şəxs pulu xərcləyibsə və ya qaytarmaqdan imtina edirsə, bankın ona birbaşa təsir mexanizmi yoxdur."
"Səhv etməmək üçün iki vacib detal"
Ekspert diqqətə çatdırıb ki, maliyyə itkisi ilə üzləşməmək üçün köçürmə zamanı maksimum diqqətli olmaq lazımdır:
Ad və soyadın baş hərfləri: Hazırda bir çox bank tətbiqlərində kart nömrəsini daxil edərkən alıcının ad və soyadının baş hərfləri görünür. Əməliyyatı təsdiqləməzdən öncə bu məlumatı mütləq dəqiqləşdirmək lazımdır.
Məbləğ və məlumat yoxlanışı: Köçürmə düyməsini sıxmazdan əvvəl həm 16 rəqəmli kart kodunu, həm də göndərilən məbləği iki dəfə yoxlamaq vacibdir.
Qanunvericilikdə boşluq var?
Emin Kərimovun fikrincə, gələcəkdə bu sahədə vahid mexanizmin yaradılması müsbət addım ola bilər, lakin burada da incə məqamlar var:
"Şəxs könüllü şəkildə kimsəyə pul göndərib, sonradan fikrini dəyişərək bunu 'səhv köçürmə' kimi qələmə verə bilər. Bu səbəbdən həm vəsaiti göndərənin, həm də alanın hüquqlarını qoruyan tam balanslı və aydın mexanizmin hazırlanmasına ehtiyac var."