Laçın Şəhəri Günündə vacib çağırış: Ata-baba evləri sakinlərin öz hesabına bərpa edilsin

Laçın Şəhəri Günündə vacib çağırış: Ata-baba evləri sakinlərin öz hesabına bərpa edilsin
13:22

26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu tarix təkcə bir şəhərin azadlıq gününü deyil, illərlə doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın ümidlərinin gerçəyə çevrildiyi günü simvolizə edir.

Laçın uzun illər işğal altında qaldıqdan sonra azadlığına qovuşaraq yenidən Azərbaycanın ayrılmaz parçasına çevrildi. Bu gün bir vaxtlar həsrətlə xatırlanan küçələrdə həyat yenidən canlanır, dağıdılmış şəhərin yerində müasir və abad Laçın qurulur. Ən böyük sevinc isə doğma torpaqlarından didərgin düşmüş insanların illər sonra ata-baba yurdlarına qayıtmasıdır.

Laçın şəhərinin işğaldan azad olunmasının ildönümü ilə bağlı Laçınlı ziyalı Şahin Məmmədov News365.az-a rayon sakinlərinin doğma yurdlarına qayıdışı ilə bağlı təkliflərini səsləndirib.


Şahin Məmmədov bildirib ki, Laçının işğaldan azad olunması laçınlıların həyatında mühüm dəyişikliklər yaradıb. Onun sözlərinə görə, bu gün Laçın müasir və abad şəhərə çevrilib, keçmiş məcburi köçkünlər isə doğma yurdlarına qayıtmaq imkanı əldə ediblər.

“İnsan müharibədən sonra yaşadığı yerə, doğma yurduna qayıda bilirsə, bu, onun üçün böyük xoşbəxtlikdir. Laçında görülən işlər bu baxımdan böyük nümunədir. Buna görə cənab Prezidentə və Azərbaycan hökumətinə təşəkkür edirik”, – deyə ziyalı vurğulayıb.

O, eyni zamanda Laçının kəndlərinə qayıdış prosesinin sürətləndirilməsi ilə bağlı təklif irəli sürüb. Şahin Məmmədov hesab edir ki, yalnız dövlət proqramları çərçivəsində evlərin tikilməsini gözləmək kifayət deyil.

“Artıq altı ildir ki, Laçının kəndləri işğaldan azad olunub. Əgər dövlət proqramını gözləsək, bir il, beş il, hətta otuz il vaxt keçə bilər. Bu müddət ərzində Laçında yaşamış insanların bir hissəsi dünyasını dəyişə bilər. Yeni nəslin isə ata-baba yurdlarına qayıtmaq imkanı məhdudlaşar”, – deyə o bildirib.

Ziyalının sözlərinə görə, Laçınlılara kəndlərdəki ata-baba evlərini öz vəsaitləri hesabına bərpa etmək imkanı yaradılmalıdır.

“Dövlət büdcəsinin bütün kəndlərdəki hər evi bərpa etməyə çatması mümkün deyil. Əgər insanlara öz vəsaitləri hesabına ata-baba evlərini bərpa etməyə imkan yaradılsa, bu proses daha sürətli gedə bilər. İnsan öz evini bərpa edib orada bir ay, iki ay dincələ, yaxud ilin böyük hissəsini yaşaya bilər”, – deyə Şahin Məmmədov qeyd edib.

O əlavə edib ki, digər bölgələrdə insanlar öz vəsaitləri hesabına ev ala və tikə bildikləri halda, Laçındakı ata-baba evlərinin bərpası məsələsində də eyni imkanların yaradılması məqsədəuyğun olardı.

Şahin Məmmədov həmçinin Laçınlıların ata-baba mülklərinin hüquqi statusu məsələsinə diqqət çəkib. Onun fikrincə, ailədə bir neçə varis olduğu halda mülkiyyətin hansı varisə veriləcəyi müəyyənləşdirilməli və həmin şəxsə evini bərpa etmək üçün şərait yaradılmalıdır.

“İnsan düşünür ki, ailədə bu ev filan övlada verildi, o da gedib atasının yurdunu bərpa etsin. Məncə, bu prosesə ciddi şəkildə təkan vermək lazımdır. Bu, həm Laçının kəndlərinə qayıdışı sürətləndirər, həm də insanların öz ata-baba yurdları ilə bağlarını daha da möhkəmləndirər”, – deyə ziyalı bildirib.


Sizin reklam burada
Sizin reklam burada