Xalq artisti, iş adamı və "Sea Breeze" layihəsinin təsisçisi Emin Ağalarov anası İrina Ağalarovanın Xəzər sahilindəki mənzilindən maraqlı videogörüntülər paylaşıb.
Emin Ağalarov sosial şəbəkə hesabında yayımladığı videoda anasına rus dilində “Ana, "Sea Breeze"-də necə yaşayırsan?” sualını ünvanlayıb.
İrina Ağalarova isə oğluna “Çox yaxşı. Burada yaşamaq olar”, – deyə cavab verib.
Kadrlarda İrina Ağalarovanın mənzilindən Xəzər dənizinə açılan mənzərə, eləcə də "Sea Breeze" ərazisində davam edən genişmiqyaslı tikinti işləri nümayiş etdirilib. Videonun sonrakı hissəsində Emin Ağalarovun əkiz oğulları Əli və Mikayıl da nənələri ilə birlikdə görüntüləniblər.
Qeyd edək ki, İrina Ağalarova Emin Ağalarovun və Şeyla Ağalarovanın anasıdır. O, “Crocus Group”un qurucusu, iş adamı Araz Ağalarovla 40 ildən artıq evli olub. Cütlüyün 2026-cı ildə boşandığı, Araz Ağalarovun isə daha sonra özündən 43 yaş kiçik, 27 yaşlı Alyona İvanova ilə ailə qurduğu bildirilir. Rusiya mediasının məlumatına görə, Araz Ağalarovun yeni nikahından da övladları var.
İrina Ağalarova isə hazırda vaxtının bir hissəsini Bakıdakı "Sea Breeze"də, oğlu Emin və nəvələri ilə keçirir. Emin Ağalarov paylaşımına “Ailə. Ana "Sea Breeze"də” sözlərini yazıb.