Fırlanan əşyalara baxır, barmaq ucunda gəzir? – Psixoloqdan valideynlərə xəbərdarlıq

Fırlanan əşyalara baxır, barmaq ucunda gəzir? – Psixoloqdan valideynlərə xəbərdarlıq
13:00

Uşağın davranışlarında bəzi fərqlər valideynlər üçün narahatlıq yarada bilər. Xüsusilə təkrarlanan hərəkətlər, göz kontaktının zəif olması, sosial ünsiyyətdə çətinlik və müəyyən əşyalara qeyri-adi maraq autizm spektr pozuntusu ilə bağlı qiymətləndirmə ehtiyacını gündəmə gətirə bilər.

Bu barədə psixoloq-loqoped Türkan Mehdizadə News365.az-a danışıb.

O, valideynlərin uşaqlarında hansı davranışlara diqqət etməli olduqlarını və hansı hallarda mütəxəssisə müraciət etməyin vacib olduğunu açıqlayıb.

Mütəxəssis bildirib ki, uşağın müəyyən davranışları təkbaşına autizm diaqnozu anlamına gəlmir. Lakin bir neçə əlamətin davamlı şəkildə müşahidə olunması zamanı mütəxəssis tərəfindən qiymətləndirmə aparılması məqsədəuyğundur.

Türkan Mehdizadənin sözlərinə görə, valideynlərin diqqət etməli olduğu əsas əlamətlərdən biri uşağın fırlanan əşyalara həddindən artıq maraq göstərməsidir. Uşaq əşyaları davamlı olaraq fırlatmağı, fırlanan əşyalara uzun müddət baxmağı sevə bilər.

Digər əlamət isə uşağın evdə məqsədsiz şəkildə bir başdan digər başa davamlı qaçmasıdır.

Psixoloq-loqoped uşaqlarda təkrarlanan hərəkətlərə də diqqət çəkib. Onun sözlərinə görə, bu cür hərəkətlər uşaqlarda fərqli formada özünü göstərə bilər. Məsələn, barmaqlarla və əllərlə təkrarlanan hərəkətlər etmək, bədəni müəyyən formada hərəkət etdirmək buna nümunə ola bilər.

Mütəxəssis uşağın əşyalara qeyri-adi şəkildə baxmasını da əlamətlər sırasında qeyd edib. Belə ki, uşağın başını aşağı əyərək, ayaqlarını aralı saxlayaraq əşyaya fərqli bucaqdan baxması və ya hər hansı obyektə uzun müddət diqqətlə baxması valideynin diqqət yetirməli olduğu davranışlardan biri kimi qiymətləndirilir.

Bundan başqa, barmaq uclarında yerimək, sosial əlaqələrə marağın zəif olması və göz kontaktından yayınmaq da diqqət tələb edən əlamətlər sırasındadır.

Türkan Mehdizadə qeyd edib ki, bəzi uşaqlarda eşitmə ilə bağlı problem olmadığı halda belə göz kontaktı zəif ola bilər. Uşaq səsə reaksiya versə də, qarşısındakı şəxslə göz təması qurmaqda çətinlik çəkə bilər.

Psixoloq-loqoped vurğulayıb ki, sadalanan əlamətlərin hər hansı birinin olması uşağın mütləq autizmli olması demək deyil. Autizm spektr pozuntusunun müəyyənləşdirilməsi üçün uşağın inkişafı və davranışları mütəxəssis tərəfindən kompleks şəkildə qiymətləndirilməlidir.

Onun sözlərinə görə, valideyn uşağında bu davranışlardan bir neçəsini davamlı şəkildə müşahidə edirsə, özbaşına diaqnoz qoymaq əvəzinə pediatr, uşaq psixiatrı, uşaq psixoloqu və ya digər uyğun mütəxəssisə müraciət etməlidir.


Sizin reklam burada
Sizin reklam burada