Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının, xüsusilə də gündəlik tələbat olan pomidorun qiymətindəki artım alıcılar arasında narazılıq yaradıb.
Mövcud vəziyyəti dəyərləndirən kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov News365.az-a bildirib ki, bu bahalaşma təsadüfi deyil və bir-birilə zəncirvari bağlı olan kənar faktorlardan qaynaqlanır.
Ekspertin sözlərinə görə, qiymətlərin şahə qalxmasına təsir edən başlıca səbəblər bunlardır:
Mövsümi amillər və hava şəraiti: Barların seyrəlməsi, mövsümün sonuna doğru kəskin istilər və ardınca gələn yağışlar məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salıb.
Xarici tələbat və logistika: Son dövlərdə Rusiya bazarına ixracın kəskin artması daxili bazarda təklifi azaldıb, eyni zamanda nəqliyyat-təchizat xərcləri yüksəlib.
"Maya dəyəri elan olunmur, fermer ziyanına işləyir"
Ş.Nəcəfov vurğulayıb ki, alıcılar artıq "ucuz məhsul" gözləntisindən daşınmalıdırlar. Çünki məhsulun tarladan piştaxtaya qədər gəlib çıxma xərci dəfələrlə artıb:
"Ölkədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən istixana və ya çöl pomidorunun rəsmi maya dəyəri hesablanıb açıqlanmıb. Bu gün bir fəhlənin günlük haqqı 20-25 manat təşkil edir. Buna gübrə, preparatlar və baha logistikanı da əlavə etsək, vəziyyət aydın olar. Məsələn, pomidorun təkcə Xaçmazdan yığılıb Bakıya gətirilməsi fermerə kiloqramı üçün ən azı 50 qəpiyə başa gəlir. Belə şəraitdə bazarda ucuz məhsulun olması imkansızdır. Əgər haradasa su qiymətinə məhsul satılırsa, deməli, fermer onu məcburi şəkildə ziyanına təklif edir."
Problem kənd təsərrüfatında sənayeləşmənin olmamasıdır
Ekspertin fikrincə, sahədəki ən böyük boşluq emal infrastrukturunun zəifliyidir. Fermer yalnız birinci sort məhsulunu sata bilir, digər hissə isə çürüyüb zibilliyə atılır. Bu da fermeri bütün xərcləri yalnız keyfiyyətli məhsulun üzərinə qoymağa məcbur edir.
Vəziyyətdən çıxış yolu kimi bu addımların atılması təklif olunur:
Regionlarda emal obyektlərinin tikilməsi: Bölgələrdə konserv zavodları, soyuducu anbarlar və meyvəqurutma sexləri istifadəyə verilməlidir. Əks halda, tonlarla yerli məhsul zay olduğu halda, bir neçə gündən sonra xaricdən (məsələn, İrandan) valyuta hesabına tomat pastası idxal etmək məcburiyyətində qalacağıq.
Təlim və resursların doğru seçimi: Fermerlərə dərmanlama və gübrələmə qaydaları öyrədilməli, torpaq analizləri aparılmalı və xüsusilə susuzluğa davamlı şitillərdən istifadəyə üstünlük verilməlidir.