Əldə olan bütün vəsaiti qızıla yatırmaq nə dərəcədə doğrudur? Maliyyə bazarında qızıl sabitliyin rəmzi sayılsa da, mütəxəssislər bütün yığımları tək bir aktivə yönəltməyin riskli olduğu qənaətindədirlər.
Məsələ ilə bağlı News365.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, qızıl gəlir gətirən aktivdən daha çox, pulun dəyərini inflyasiyadan və geosiyasi risklərdən qoruyan bir sığorta alətidir.
"Qızıl faiz və dividend gətirmir"
Ekspertin sözlərinə görə, qızılın əsas gəliri yalnız onun bazar qiymətinin qalxmasından formalaşır. Lakin qiymətlər hər zaman yüksələn xətt üzrə getmir:
"Kəskin bahalaşmadan sonra qızılın ucuzlaşması və ya uzun müddət eyni səviyyədə qalması tamamilə təbiidir. Bütün pulu qızıla qoymaq risklidir. Üstəlik, fiziki qızıl alarkən alış-satış qiyməti arasındakı fərq və saxlanma təhlükəsizliyi nəzərə alınmalıdır."
Doğru investisiya strategiyası necə olmalıdır?
Akif Nəsirli qeyd edib ki, ən sağlam yanaşma vəsaitləri müxtəlif alətlər arasında bölüşdürməkdir (diversifikasiya):
Yaxın aylarda istifadə olunacaq pul qızıl və ya səhmdə deyil, bank depozitləri kimi daha likvid və sabit alətlərdə saxlanmalıdır.
Vəsaitin bir hissəsi bank depoziti və ya aşağı riskli dövlət istiqrazlarına, müəyyən hissəsi qızıla yönəldilə bilər.
5–10 illik perspektivdə yüksək gəlir üçün səhmlər və indeks fondları uyğundur, lakin burada itki riski daha yüksəkdir.
İqtisadçı yekunda vurğulayıb ki, investor ilk növbədə "Ən çox nə qazandırar?" sualını deyil, "Bu pula nə vaxt ehtiyacım olacaq və nə kadar risk götürə bilərəm?" sualını cavablandırmalıdır.