Etibar Əliyev xəbər saytlarını hədəf aldı: "Şok xəbər" arxasında qaçırlar

Etibar Əliyev xəbər saytlarını hədəf aldı: "Şok xəbər" arxasında qaçırlar
09:28

Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və xəbər saytlarında yayılan məlumatlar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Təhsil eksperti Etibar Əliyev mövzu ilə bağlı Facebook hesabında diqqətçəkən və satirik bir paylaşım edib.

Ekspert yerli mediasının fəaliyyət prinsiplərini tənqid edərək, ölkədəki xəbər saytlarının analitik təhlil, populyar məqalə və oçerklər yerinə daha çox sensasiya arxasınca qaçdığını vurğulayıb:

"Ölkədə demək olar ki, bütün saytlar xəbər vermək işi ilə məşğuldur. Hamısı da bəyan edir: 'Ən operativ xəbərləri bizdən alın'. Kiçik bir ölkədə nə qədər xəbər olar? Analitik təhlil, populyar məqalə və oçerklərə yer verən sayt yoxdur."

Media resurslarının 81 yaşlı sənətkarın evlənməsi xəbərini "şok xəbər" kimi tirajlamasına yumorla yanaşan Etibar Əliyev, yay mövsümündə yarana biləcək xəbər qıtlığını məhz bu mövzunun doldurduğunu qeyd edib.

Paylaşımda həmçinin xəbər saytları arasında gedən eksklüzivlik və eksklüziv xəbərə istinad mübarizəsinə də eyham vurulub. Ekspert daha əvvəl məşhur bir akademikin vəfat xəbərini ilk yayan saytın, ona istinad etməyən digər media qurumunu məhkəmə ilə hədələdiyini xatırladaraq, fikrini Mirzə Ələkbər Sabirin məşhur "Ax!… necə kef çəkməli əyyam idi / Onda ki, övladi-vətən xam idi!" misraları ilə tamamlayıb.


Sizin reklam burada
Sizin reklam burada