Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yanında qanunsuz tikinti: Aidiyyəti qurumlar hərəkətə keçdi – AÇIQLAMALAR

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yanında qanunsuz tikinti: Aidiyyəti qurumlar hərəkətə keçdi – AÇIQLAMALAR
16 Avq 2026 13:00

Sumqayıt şəhərinin Yaşma bağları ərazisində, yanacaqdoldurma məntəqəsinin yanacaq çənlərinin cəmi 3-5 addımlığında (yaxınlığında) qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Ərazidə qanunla qadağan olunmuş zonada tikintinin aparılması, məhkəmə və müvafiq dövlət qurumlarının dayandırma qərarlarına baxmayaraq işlərin yenidən (xüsusilə gecə saatlarında) bərpa olunması ciddi təhlükə və narahatlıq yaradır.

Məsələ ilə bağlı News365.az-ın aidiyyəti dövlət qurumlarına ünvanladığı təkrar müraciətlərə rəsmi cavablar verilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA):

News365.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, sözügedən obyekt üzrə Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq tikintiyə icazə və ya məlumatlandırma icraatı sənədləri olmadığı üçün tərəflərindən tikinti işlərinin dayandırılması barədə rəsmi qərar qəbul edilib. Qərar icra üçün sifarişçiyə, ərazidə nəzarətin təmin olunması məqsədilə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər Polis İdarəsinə göndərilib.

Qurumdan həmçinin qeyd olunub ki, tikintinin dayandırılması barədə qərara əməl edilmədiyi halda, nəzarəti həyata keçirən yerli icra hakimiyyəti orqanları Fövqəladə Hallar Nazirliyinə dərhal məlumat təqdim etməlidir. Lakin qərar təqdim edildikdən sonra Agentliyə hər hansı rəsmi məlumat daxil olmayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi: Komitədən daxil olan açıqlamada bildirilib ki, hələ 2026-cı ilin iyun ayında ərazidə yanacaq çənlərinin yaxınlığında aparılan özbaşına tikinti işləri araşdırılıb və tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciət edilərək işlər dayandırılıb. Tikintinin yenidən bərpa olunması barədə təqdim edilən videomateriallar əsasında ərazidə yenidən şəhərsalma monitorinqinin keçiriləcəyi vurğulanıb. İşlərin davam etdirildiyi təsdiqlənərsə, qanunvericiliyə uyğun lazımi tədbirlər görüləcək.

Məsələ ilə bağlı News365.az tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə də müraciət ünvanlanıb. Hazırda icra hakimiyyətindən sorğuya cavab gözlənilir. Redaksiyamız mövzunu diqqətdə saxlayır.


Sizin reklam burada
Sizin reklam burada