Bir BMT zalındakı görüntünü münasibətlərin meyarına çevirmək yanlışdır

Bir BMT zalındakı görüntünü münasibətlərin meyarına çevirmək yanlışdır
18:05

Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasının iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməməsi Türkiyə sosial mediasında müzakirələrə səbəb olub. Bəzi istifadəçilərin və media resurslarının bu məsələni Azərbaycan-Türkiyə münasibətləri kontekstində təqdim etməsi isə yeni müzakirələrə yol açıb.

Məsələni News365.az-a şərh edən politoloq Tamilla Qulam hesab edir ki, iki ölkə arasındakı münasibətləri BMT zalında baş verən bir hadisə üzərindən qiymətləndirmək doğru deyil.


“Azərbaycan-Türkiyə qardaşlığı BMT zalında ölçülmür. Bir dövlətin diplomatik davranışını avtomatik olaraq digər dövlətə qarşı mövqe kimi təqdim etmək düzgün yanaşma deyil”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər emosiyalarla deyil, dövlət maraqları ilə formalaşır:

“Azərbaycan da, Türkiyə də müstəqil dövlətlərdir və hər birinin regional, iqtisadi, təhlükəsizlik və diplomatik maraqları var. Qardaşlıq bu reallığı aradan qaldırmır. Əksinə, qardaşlıq bir-birinin müstəqil dövlət kimi qərarlarına hörmət etməyi də tələb edir”.

Tamilla Qulam qeyd edib ki, Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən bir sıra nümayəndə heyətləri zalı tərk edib, Türkiyə də həmin ölkələr arasında olub. Azərbaycanın isə zalda qalması onun fikrincə, Bakı ilə Ankara arasında münasibətlərin göstəricisinə çevrilməməlidir.

Politoloq bildirib ki, həmin vaxt ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin, BƏƏ, Bəhreyn və digər ölkələrin nümayəndələri də zalı tərk etməyib.

“Burada məsələni ‘Azərbaycan niyə Türkiyə kimi davranmadı?’ səviyyəsinə endirmək beynəlxalq diplomatiyanın mahiyyətini sadələşdirməkdir”, – deyə o vurğulayıb.

Qulam Türkiyə-İsrail münasibətlərinin tarixində də müxtəlif mərhələlərin olduğunu xatırladıb. Onun sözlərinə görə, iki ölkə arasında müəyyən dövrlərdə diplomatik və iqtisadi əlaqələr mövcud olub, sonrakı mərhələlərdə isə münasibətlərdə ciddi gərginlik yaranıb.

Politoloq 2022-ci ildə İsrail Prezidenti İsxak Hersoqun Türkiyəyə səfərini və iki ölkə arasında diplomatik münasibətlərin normallaşması istiqamətində atılan addımları da nümunə kimi göstərib.

O, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra İsrailin axtarış-xilasetmə və tibbi yardım qruplarının Türkiyəyə göndərilməsini də xatırladıb.

“Fəlakət zamanı insan həyatını xilas edən əl siyasi mübahisədən üstün tutuldu. Çünki dövlətlərarası münasibətlərdə həyatın, dövlət maraqlarının və praktiki əməkdaşlığın öz yeri var”, – deyə Tamilla Qulam bildirib.

Politoloq hesab edir ki, Azərbaycan-Türkiyə münasibətləri bir günlük diplomatik görüntüdən və ya konkret bir beynəlxalq tədbirdə nümayiş etdirilən mövqedən ibarət deyil.

“Bu münasibətlərin arxasında tarix, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, hərbi əməkdaşlıq və ən əsası, xalqlar arasında formalaşmış dərin bağlar dayanır”, – deyə o qeyd edib.

Qulam vurğulayıb ki, iki ölkənin ayrı-ayrı məsələlərdə fərqli diplomatik addımlar atması onların strateji tərəfdaşlığına xələl gətirməməlidir:

“Qardaşlıq eyni cümləni təkrarlamaq deyil. Qardaşlıq bir-birinin dövlətçilik iradəsinə hörmət etmək, çətin gündə yanında olmaq və üçüncü tərəflərin yaratmaq istədiyi süni qarşıdurmalara imkan verməməkdir”.

Politoloq əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin xarici siyasi mübahisələrin və sosial media kampaniyalarının predmetinə çevrilməsinə imkan verilməməlidir.

“Bir BMT zalındakı görüntünü Azərbaycan-Türkiyə münasibətlərinin meyarına çevirmək yanlışdır. Bu münasibəti xarici siyasi manipulyasiyaların predmetinə çevirməməliyik”, – Tamilla Qulam bildirib.


Sizin reklam burada
Sizin reklam burada