İt və pişik dişləmələrinin sayı açıqlandı: Quduzluqla bağlı ciddi rəqəmlər

İt və pişik dişləmələrinin sayı açıqlandı: Quduzluqla bağlı ciddi rəqəmlər
16:10

Azərbaycanda ilin əvvəlindən 35 mindən çox heyvan dişləməsi hadisəsi qeydə alınıb. Epidemioloji məlumatlara görə, bu halların təxminən 17,5 mini məlum, 16,8 mini isə naməlum heyvanların payına düşür. Cari ilin ilk 8 ayında insanlar arasında bir quduzluq hadisəsi də qeydə alınıb.

Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova News365.az-a  quduzluq təhlükəsi ilə bağlı peyvəndləmə qaydalarını açıqlayıb.

Onun sözlərinə görə, quduzluğa qarşı istifadə edilən antirabik vaksin həm uşaqlara, həm də böyüklərə eyni dozada vurulur. Peyvəndləmə kursu isə heyvanın məlum olub-olmamasından və dişləmədən sonrakı vəziyyətindən asılı olaraq müəyyən edilir.

A.Qurbanova bildirib ki, dişləyən heyvan məlumdursa və 10 gün ərzində sağlam qalırsa, zərərçəkənə şərti müalicə kursu tətbiq olunur. Hazırda ölkədə istifadə edilən vaksin üzrə bu zaman peyvənd 0-cı, 3-cü və 7-ci günlərdə vurulur.

Dişləyən heyvan naməlumdursa və ya məlum olduğu halda 10 gün ərzində ölübsə, bu zaman qeyri-şərti müalicə kursuna başlanılır. Belə hallarda antirabik vaksin 0-cı, 3-cü, 7-ci, 14-cü və 28-ci günlərdə əzələdaxili yeridilir.

Şöbə müdiri qeyd edib ki, bəzi hallarda yalnız vaksinlə kifayətlənilmir:

“Lokalizasiyasından asılı olaraq pasientə antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. Yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir”.

Onun sözlərinə görə, xəsarət alan şəxsin tetanusdan qorunması üçün tetanus əleyhinə anatoksin də tətbiq olunur.

A.Qurbanova vurğulayıb ki, vaksinasiya nəticəsində aktiv immunitet təxminən 10-14 gün ərzində formalaşır və tam peyvənd kursundan sonra insanı 1 il müddətinə qoruyur.

Qeyd edək ki, 2026-cı ilin ilk 8 ayı ərzində ölkə üzrə ümumilikdə 35 105 heyvan dişləməsi hadisəsi qeydə alınıb. Onlardan 17 492-si məlum heyvanlar – it və pişiklər, 16 799-u isə naməlum heyvanlar – it, pişik və siçovullar tərəfindən törədilib.

Hesabat dövründə insanlar arasında 1 quduzluq hadisəsi qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada