Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycanın BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməməsi ilə bağlı müzakirələr və tənqidlər davam edir.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Türkiyədə Azərbaycanın mövqeyinə qarşı səsləndirilən bəzi fikirləri şərh edib. O bildirib ki, məsələni yalnız ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin emosional reaksiyası kimi qiymətləndirmək düzgün deyil.

Politoloqun sözlərinə görə, müxtəlif vaxtlarda Azərbaycana qarşı təzyiq, ittiham və “yuxarıdan-aşağı” münasibət nümayiş etdirən yanaşmalar müşahidə olunur.
“Azərbaycan Türkiyənin düşməni deyil. Azərbaycan Türkiyənin kiçik qardaşı da deyil. Azərbaycan Türkiyənin tabeliyində olan dövlət ümumiyyətlə deyil. Azərbaycan müstəqil, suveren və bərabərhüquqlu dövlətdir”, – deyə Turan Rzayev bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında tarixi, milli, mədəni və mənəvi bağlar çox güclüdür. Lakin “bir millət, iki dövlət” ifadəsinin iki dövlətin müstəqilliyi və suverenliyi anlayışını aradan qaldırmadığını vurğulayıb.
“Azərbaycanın Türkiyəyə qardaş deməsi öz dövlətçilik iradəsindən imtina etməsi demək deyil. Türkiyənin də Azərbaycana qardaş deməsi Azərbaycandan öz siyasi qərarlarını Ankaranın mövqeyinə uyğunlaşdırmağı tələb etmək hüququ yaratmır”, – politoloq deyib.
Rzayev Türkiyə-Azərbaycan münasibətlərinin Osmanlı imperiyası ilə Krım xanlığı arasındakı tarixi münasibətlərlə müqayisə edilməsini də tənqid edib. Onun sözlərinə görə, Krım xanlığı müəyyən dövrdə Osmanlı imperiyasından asılı vəziyyətdə olub, Azərbaycan isə müstəqil dövlətdir.
“Azərbaycan Krım xanlığı deyil. Türkiyə də Osmanlı imperiyası deyil. Azərbaycan Türkiyənin yanında ola bilər, ona dəstək verə bilər, Türkiyənin ağrısını öz ağrısı hesab edə bilər. Amma bu, Azərbaycanın hər məsələdə Türkiyənin siyasi mövqeyini təkrarlamalı olduğu anlamına gəlmir”, – deyə o vurğulayıb.
Politoloq bildirib ki, qardaşlıq itaət, müttəfiqlik isə tabeçilik demək deyil:
“Qardaşlıq itaət deyil. Müttəfiqlik tabeçilik deyil. Dostluq siyasi suverenlikdən imtina etmək deyil”.
Turan Rzayev Azərbaycanın Fələstin məsələsində mövqeyinə də diqqət çəkib. O bildirib ki, Azərbaycan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və bu istiqamətdə müxtəlif platformalarda mövqe nümayiş etdirib.
Politoloq hesab edir ki, Azərbaycan-Türkiyə münasibətlərində mövcud fikir ayrılıqları iki ölkə arasındakı strateji əlaqələrin mahiyyətini dəyişmir.
“Türkiyə dövlət siyasəti çərçivəsində əslində Azərbaycan ilə dost və qardaşdır. Əslində, bunu dəyişəcəyini düşünmürəm. Türkiyədə kifayət qədər mərd, Azərbaycanı sevən insanlar var. Biz bir qrup və bir zehniyyətə görə qardaşımızdan, qardaş dövlətimizdən imtina etməyəcəyik”, – Rzayev bildirib.
O, Türkiyədə Azərbaycanın mövqeyinə qarşı aparılan kampaniyalara münasibət bildirən şəxslərin və ictimaiyyətin də bu məsələdə mövqe ortaya qoymasının vacibliyini vurğulayıb.