Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik təmaslar yenidən intensivləşib. ABŞ-ın təşəbbüsü ilə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün keçirilməsi məsələsi gündəmə gəlib. Kiyev bildirir ki, Vaşinqton texniki səviyyədə görüş keçirilməsini təklif edib və mümkün məkan kimi Birləşmiş Ərəb Əmirliklərini göstərib. Görüşün tarixi isə hələ razılaşdırılmayıb.
Kremlin sözçüsü Dmitri Peskov da Moskvanın belə bir görüşün keçirilməsinə açıq olduğunu və üçtərəfli formatda danışıqların yaxın gələcəkdə davam etdirilə biləcəyini bildirib. O, bununla bağlı konkret tarix və digər detalların hələ məlum olmadığını qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə ABŞ-la danışıqların davam etdiyini və Vaşinqtonun Rusiya ilə də təmasları müzakirə edəcəyini açıqlayıb. Zelenskinin sözlərinə görə, tərəflər əldə olunan nəticələri yaxın günlərdə qiymətləndirəcəklər.
Məsələni News365.az-a şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, hazırkı prosesdə ən müsbət məqam Rusiya-Ukrayna danışıqlarının yenidən bərpası istiqamətində cəhdlərin göstərilməsidir.

Politoloqun sözlərinə görə, bununla belə, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalır:
“Hazırda Rusiya ilə Ukrayna arasında diplomatik təmaslarla bağlı ən pozitiv məsələ danışıqlar prosesinin bərpası ilə bağlı cəhdlərin edilməsidir. ABŞ hazırda təmasların davam etdirilməsi üçün səylər göstərir. Amma real vəziyyət hansısa konkret perspektivin olduğunu deməyə əsas vermir”.
Əli Zülfüqaroğlu qeyd edib ki, Moskvanın mövqeyində ciddi dəyişiklik müşahidə olunmur, Kiyev isə təslimçi sülhə getməyəcəyini bildirir.
Politoloq cəbhədəki vəziyyətin də danışıqlar prosesinə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya Donetsk istiqamətində hərbi əməliyyatları davam etdirir və Moskva öz tələblərini hərbi yolla reallaşdırmağa çalışır.
“Ukrayna isə Britaniya və Avropa İttifaqının yardımı ilə dirəniş göstərir. Ən təhlükəli məqam tərəflərin mülki obyektlərə, enerji infrastrukturuna və logistika mərkəzlərinə zərbələr endirməsidir”, – deyə o bildirib.
Zülfüqaroğlunun fikrincə, xüsusilə qış aylarına yaxın enerji infrastrukturuna qarşı hücumların intensivləşməsi ehtimalı müharibənin humanitar nəticələri ilə bağlı narahatlıqları artırır.
Politoloq hazırkı mərhələdə diplomatik səylərin konkret razılaşmaya gətirib çıxaracağını söyləməyin çətin olduğunu düşünür.
O, ABŞ-ın diplomatik təşəbbüsləri ilə bağlı da öz mövqeyini açıqlayıb. Zülfüqaroğlu hesab edir ki, Vaşinqtonun səyləri yalnız atəşkəsə nail olmaqla məhdudlaşmır və ABŞ administrasiyasının daxili siyasi məqsədləri də prosesə təsir göstərə bilər.
Qeyd edək ki, ABŞ-ın təklif etdiyi yeni üçtərəfli formatın əsas məqsədlərindən biri Rusiya və Ukrayna arasında danışıqlar kanalının yenidən açılmasıdır. Lakin görüşün keçirilməsi ilə bağlı konkret tarix və gündəm hələ açıqlanmayıb.