Deputat Türkiyə sosial mediasındakı hücumlar barədə: “Məkrli qüvvələr düşmən dəyirmanına su tökür”

Deputat Türkiyə sosial mediasındakı hücumlar barədə: “Məkrli qüvvələr düşmən dəyirmanına su tökür”
15:41

“Azərbaycan və Türkiyə ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında bir-birinə bağlı olan dost və qardaş ölkələrdir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.

Millət vəkilinin sözlərinə görə, hazırda dünyada, o cümlədən regionumuzda mürəkkəb proseslər davam edir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan xarici siyasət kursunda dost və müttəfiq ölkələrlə əlaqələri daha da gücləndirməkdədir. Təbii ki, bu sırada qardaş və strateji müttəfiq olan Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, o cümlədən  regional proseslərlə bağlı koordinasiyalı şəkildə əməkdaşlıq edirlər, daim müzakirələr aparırlar. 

“Lakin müəyyən qüvvələr iki qardaş ölkənin münasibətlərinə zərbə vurmağa çalışırlar. Son günlər Türkiyənin sosial mediasında təşkil edilən və  Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası da bunun göstəricisidir”- deyən Samir Vəliyev əlavə edib ki, bu cür davranışlar “düşmən dəyirmanına su tökür”. Çünki dünyada məlum dairələr, güclər var ki, onlar iki qardaş ölkənin münasibətlərinin pozulmasında maraqlıdır. Ona görə də, bu məkrli planlarını reallığa çevirmək üçün fürsət gözləyirlər.

Deputat qeyd edib ki, həmin fürsətcillər son hadisələrdən də öz məqsədləri üçün yararlanmağa çalışırlar: “Türkiyədə sosial şəbəkələrdə ölkəmizə qarşı hücumların artması yalnız belə qüvvələrin maraqlarına cavab verir. Ona görə də, qardaş ölkənin cəmiyyəti ayıq-sayıq olmalıdır. Çox müsbət haldır ki, Türkiyədə sağlam qüvvələr, ziyalılar Azərbaycana qarşı hücumların yanlış olduğunu bəyan edirlər. O cümlədən, qardaş ölkənin dövlət qurumları da belə halları düzgün hesab etmir.  Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi isə sarsılmaz birliyimizin göstəricisidir. Düşünürəm ki, heç bir qüvvə Azərbaycan – Türkiyə qardaşlığına xələl gətirə bilməyəcək!”.



Sizin reklam burada
Sizin reklam burada