Aİ-dən enerji qiymətləri ilə bağlı xəbərdarlıq: İstehlak azaldılmalıdır

Aİ-dən enerji qiymətləri ilə bağlı xəbərdarlıq: İstehlak azaldılmalıdır
16:59

Avropada enerji bazarında qiymətlərin yüksəlməsi fonunda Avropa İttifaqı ölkələri qarşısında yeni qənaət tədbirlərinin tətbiqi gündəmə gəlib. Aİ Komissiyası üzv dövlətlərə təbii qaz və elektrik enerjisinə olan tələbatın azaldılması ilə bağlı addımlar atmağı tövsiyə edib.

News365.az “Bloomberg”ə istinadən xəbər verir ki, Aİ Komissiyasının enerji məsələləri üzrə məsul üzvü Dan Yorgensen bu barədə üzv ölkələrin enerji nazirlərinə məktub göndərib.

Yorgensen bildirib ki, qlobal enerji təklifinin məhdud olması və bazarda qiymət dəyişkənliyinin yüksək qalması fonunda istehlakın azaldılması qiymətlərə təzyiqin zəiflədilməsinə kömək edə bilər.

Komissar hazırkı vəziyyəti təchizat problemlərindən qaynaqlanan qiymət böhranı kimi xarakterizə edib.

Onun sözlərinə görə, Aİ ölkələrində təbii qaz ehtiyatlarının səviyyəsi də kifayət qədər aşağıdır. Bu səbəbdən enerji qiymətlərinin tənzimlənməsi üçün görüləcək tədbirlər uzunmüddətli deyil, konkret məqsədlərə yönəlmiş və müvəqqəti xarakter daşımalıdır.

Yorgensen xəbərdarlıq edib ki, tətbiq edilən dəstək və tənzimləmə mexanizmləri enerji istehlakını stimullaşdırmamalı, əksinə, mövcud şəraitdə tələbatın azalmasına xidmət etməlidir.


Sizin reklam burada
Sizin reklam burada