Türkiyə cəmiyyətində Azərbaycanla münasibətlərə yanaşma əsasən müsbət olaraq qalır. Bununla belə, ölkədə Azərbaycanla bağlı fərqli mövqelər səsləndirən siyasi və ictimai qruplar da mövcuddur.
Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında Türkiyədə Azərbaycanla münasibətlərə yanaşmadan, eləcə də Ermənistanla əlaqələrin normallaşdırılması məsələsindən danışarkən bildirib ki, bəzi siyasi dairələr Azərbaycanla münasibətlərə fərqli prizmadan yanaşırlar.

Deputatın sözlərinə görə, Türkiyədə xüsusilə sol yönümlü bəzi çevrələr Azərbaycanın siyasətinə və Bakı-Ankara münasibətlərinə tənqidi yanaşırlar. O qeyd edib ki, bu mövqedə olan şəxslər Azərbaycanla bağlı məsələlərdə Türkiyənin rəsmi siyasətindən fərqli yanaşmalar nümayiş etdirirlər.
Rasim Musabəyov Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinə də toxunub. O bildirib ki, Türkiyədə Ermənistanla münasibətlərin qurulmasını Azərbaycanın maraqları ilə əlaqələndirmədən nəzərdən keçirən şəxslər də var:
“Bəzi dairələr hesab edir ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanla bağlı məsələlərdən ayrıca aparılmalıdır. Bu baxımdan fərqli yanaşmalar mövcuddur. Lakin Türkiyənin Azərbaycana münasibəti və iki ölkə arasındakı əlaqələrin xarakteri də kifayət qədər aydındır”.
Deputat qeyd edib ki, Türkiyədə aparılan müxtəlif sorğular ölkə əhalisinin Azərbaycanı ən yaxın və dost ölkələrdən biri hesab etdiyini göstərir. Onun sözlərinə görə, bu münasibət Türkiyə cəmiyyətində Azərbaycanla bağlı mövqelərin formalaşmasında mühüm rol oynayır.
Musabəyov həmçinin Azərbaycanın Türkiyəyə göstərdiyi münasibətə diqqət çəkib. O bildirib ki, Azərbaycanın Türkiyədə baş verən hadisələrə münasibət bildirməsi, ehtiyac yarandıqda dəstək və başsağlığı ifadə etməsi iki ölkə arasında qarşılıqlı münasibətin göstəricisidir.
Deputat əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin əsas siyasi qüvvələri də Azərbaycanla münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirirlər.