Fake informasiya sürətlə yayılır, cəmiyyəti zəhərləyir

Fake informasiya sürətlə yayılır, cəmiyyəti zəhərləyir
17:25

28 sentyabr – Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günü ilə bağlı təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında informasiya təhlükəsizliyi, sosial şəbəkələrdə yayılan dezinformasiya və “infokratiya” anlayışı barədə fikirlərini bölüşüb.

Ekspert bildirib ki, informasiya müasir dövrdə cəmiyyətlərin inkişafı və təhlükəsizliyi baxımından mühüm amillərdən birinə çevrilib. Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin əhəmiyyətli hissəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasını seçməsi də diqqətçəkən məqamdır.

Etibar Əliyev Uinston Çörçillin “İnformasiya kimdədirsə, qələbə də ondadır” fikrini xatırladaraq informasiya resurslarının əhəmiyyətini vurğulayıb.

Ekspert daha sonra alim Riçard Dokinsin “mem” anlayışı ilə bağlı fikirlərinə toxunub. O qeyd edib ki, memlər internetdə sürətlə yayılır, zaman keçdikcə dəyişir və ilkin formasından fərqlənə bilir.

“Memlər media viruslarıdır və çox böyük sürətlə yayılırlar. Şəbəkədə çoxalır və mutasiya olunurlar. Memlərin əsasında kommunikasiya dayanır, virus kimi yoluxucudurlar”, – deyə Etibar Əliyev yazıb.

Onun fikrincə, müasir “infokratiya” şəraitində informasiya bəzən silah kimi istifadə olunur. Sosial şəbəkələrdə yayılan viral məzmunun rasional diskursa mane olduğunu bildirən ekspert hesab edir ki, rəqəmsal kommunikasiyada vizual obrazlar getdikcə daha çox ön plana çıxır.

“Fake informasiya sürətlə yayılır, zəhərləyir, nifrət və kin-küdurət dolu şərhlərə yol açır”, – deyə o qeyd edib.

Etibar Əliyev paylaşımında sosial şəbəkələrdə formalaşan kütləvi davranışı da müqayisəli şəkildə izah edib. O, kimya üzrə Nobel mükafatı laureatı İlya Priqojinin termit və qarışqa koloniyalarının davranışı ilə bağlı fikirlərinə istinad edərək sosial şəbəkələrdə də böyük “termit koloniyalarının” yarandığını yazıb.

Ekspertin fikrincə, informasiya bolluğu və sosial şəbəkələrdə məzmunun sürətlə yayılması fonunda dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi vacibdir.

“İnfokratiya cəmiyyətində memlər və termitlər müəyyən müddətdən sonra yoxa çıxacaqlar. Bu viruslara qarşı mübarizəni genişləndirmək lazımdır. Ziyalılar termitlərin kimyəvi reaksiyalarından yayılan üfunəti dezinfeksiya etməlidirlər”, – deyə Etibar Əliyev bildirib.

O, bu proseslər qarşısında mövqesiz qalmağın yolverilməz olduğunu vurğulayıb və informasiya mühitinin sağlamlaşdırılmasında ziyalıların fəal iştirak etməsinin vacibliyini qeyd edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada