Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər
17:10

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksini ziyarət ediblər.

News365.az xəbər verir ki, ziyarət zamanı icmanın üzvləri kompleksə daxil olan kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.

Alban-Udi Dini İcmasının sədr müavini Rafik Danakari jurnalistlərə müsahibəsində bildirib ki, icma üzvləri 2020-ci ildən sonra hər il Xudavəng Monastır Kompleksini ziyarət edirlər. Onlar azad edilmiş ərazilərdə yerləşən digər monastır və kilsələrdə, həmçinin Ağdam rayonundakı Cümə məscidində də olublar.

Rafik Danakari Alban-Udi Dini İcmasının üzvlərinin qədim Qafqaz Alban dininin varisi olan Udi dilində dini ayinləri yerinə yetirməsinin əhəmiyyətini vurğulayıb.

“Bu kilsələr Azərbaycan xalqına aiddir, Azərbaycan xalqının irsidir, mədəniyyətidir. Azərbaycandakı bütün dini obyektlərin, dini ocaqların öz sahibi var, o da Azərbaycan xalqıdır”, - deyə icma sədrinin müavini diqqətə çatdırıb.

Dini icmanın üzvü Romen Callati 2020-ci ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdəki monastırları, kilsələri ziyarət etdiklərini deyib. “Biz hər dəfə gələndə şəhidlərimizə rəhmət diləyirik, şamlar yandırırıq. Qafqaz Albaniyasının irsi təkcə Udi irsi deyil. O, ümumi Azərbaycanın irsidir. Allaha şükürlər olsun ki, biz rahat gəlib dualar oxuyub gedirik” - deyə o vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada