Robotlar gəlir, amma bu peşələrə toxuna bilməyəcək

Robotlar gəlir, amma bu peşələrə toxuna bilməyəcək
15:39

Süni intellektin sürətli inkişafı əmək bazarında bir sıra peşələrin gələcəyi ilə bağlı suallar yaradıb. Xüsusilə rutin və təkrarlanan işlərin avtomatlaşdırılması fonunda bəzi peşələrdə insan əməyinə ehtiyacın azalacağı ehtimal edilir. Lakin texnologiyanın tam əvəz edə bilmədiyi sahələr də var.

Texnoloq Elvin Həsənov News365.az-a açıqlamasında bildirib ki, süni intellekt bir çox peşədə iş prosesini dəyişdirəcək və insan əməyini daha səmərəli edə bilər. Bununla belə, bəzi sahələrdə insan faktorunun əhəmiyyəti uzun müddət qorunacaq.

Onun sözlərinə görə, süni intellekt həkimlərin, müəllimlərin, mühəndislərin və digər mütəxəssislərin fəaliyyətinə ciddi dəstək verə bilər, lakin onların qərarvermə və insanlarla birbaşa ünsiyyət tələb edən funksiyalarını tam üzərinə götürməsi çətindir.

“AI bir çox işi sürətləndirəcək, amma insanın yerini hər sahədə tam tutmaq mümkün olmayacaq. Məsələn, həkim analiz nəticələrini süni intellekt vasitəsilə daha sürətli yoxlaya, tibbi görüntülərdə riskli sahələri müəyyən edə bilər. Amma pasiyentlə ünsiyyət qurmaq, onun vəziyyətini bütöv şəkildə qiymətləndirmək və son qərara görə məsuliyyət daşımaq hələ də insanın üzərinə düşür”, – deyə Elvin Həsənov bildirib.

Texnoloq eyni yanaşmanın müəllim və mühəndis kimi peşələrə də aid olduğunu qeyd edib. Onun fikrincə, süni intellekt mütəxəssis üçün güclü köməkçi vasitəyə çevrilsə də, insan münasibətini, peşəkar təcrübəni və konkret situasiyanın bütün detallarını tam əvəz etməsi asan deyil.

Elvin Həsənov fiziki əməyə əsaslanan peşələrin də süni intellekt və robotlaşma fonunda əhəmiyyətini qoruyacağını düşünür.

O, elektrik, santexnik, texnik, mexanik və servis əməkdaşları kimi mütəxəssislərin gələcəkdə də əmək bazarında tələb görəcəyini bildirib.

“Real mühitdə hər problem standart olmur. Bəzən yerində baxmaq, vəziyyətə uyğun improvizə etmək və ani qərar vermək lazımdır. Robotlar inkişaf etsə də, bu sahələrin hamısının tam avtomatlaşdırılması asan deyil”, – deyə texnoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada