Səhiyyə sahəsində çalışan minlərlə şəxsin əməkhaqqının artırılması yalnız sosial ödənişlərin yüksəldilməsi deyil, həm də ölkənin tibbi kadr siyasətində yeni yanaşma kimi qiymətləndirilir. Xüsusilə regionlarda çalışan mütəxəssislər üçün əlavə maliyyə stimullarının yaradılması səhiyyə xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm addım hesab olunur.
Milli Məclisin deputatı Tahir Mirkişili News365.az-a bildirib ki, 72 mindən çox tibb işçisini əhatə edən və əməkhaqqı fondunun illik 189 milyon manat artırılmasını nəzərdə tutan qərar səhiyyə əməkdaşlarının əməyinə verilən dəyərin göstəricisidir.
Onun sözlərinə görə, təşəbbüsün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülməsi və Prezident İlham Əliyevin dəstəyi ilə həyata keçirilməsi bu prosesin əhəmiyyətini daha da artırır.
Deputat hesab edir ki, yeni yanaşmanın əsas üstünlüklərindən biri maaş artımlarının bütün əməkdaşlara eyni formada tətbiq edilməməsi, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr çatışmazlığının nəzərə alınmasıdır.
T.Mirkişili xüsusilə ailə və sahə həkimləri, təcili tibbi yardım əməkdaşları, anestezioloq-reanimatoloqlar və digər mühüm ixtisas sahibləri üçün nəzərdə tutulan artımları diqqətə çatdırıb. O bildirib ki, bəzi ixtisaslar üzrə əməkhaqqının 100 faizdən çox artırılması dövlətin ehtiyac olan sahələrə məqsədyönlü yanaşdığını göstərir.
Deputatın fikrincə, regionlarda çalışan həkimlər üçün əlavə maliyyə imkanlarının yaradılması da xüsusi əhəmiyyət daşıyır. Çünki ölkə üzrə tibbi kadrların qeyri-bərabər bölgüsü səhiyyə sisteminin qarşısında duran əsas məsələlərdən biridir.
“Regional əmsalların və əlavə ödəniş mexanizmlərinin tətbiqi ixtisaslı həkimlərin bölgələrdə işləməsini daha cəlbedici edə bilər. Bu isə region sakinlərinin keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişlənməsinə şərait yaradacaq”, – deyə deputat vurğulayıb.
T.Mirkişili qeyd edib ki, səhiyyənin inkişafı yalnız yeni xəstəxanaların tikilməsi və tibbi avadanlıqların yenilənməsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, sistemin əsas dayağı olan həkimlərə, tibb bacılarına və digər səhiyyə əməkdaşlarına investisiya qoyulması da bu prosesin vacib hissəsidir.
Deputat hesab edir ki, sözügedən qərarı sıradan əməkhaqqı artımı kimi qiymətləndirmək doğru deyil. Onun fikrincə, bu addım səhiyyədə insan kapitalının inkişafına, peşəkarlığın stimullaşdırılmasına və regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
“Bu qərardan yalnız tibb işçiləri deyil, bütövlükdə Azərbaycan vətəndaşı və səhiyyə sistemi faydalanacaq”, – deyə Tahir Mirkişili bildirib.