Çində zibil toplayan qadın xarici görünüşü ilə sosial şəbəkələrdə məşhurlaşsa da, ona edilən model təkliflərini qəbul etməyib.
Anhui əyalətindən olan Leng Minhui Taizhou şəhərində zibil topladığı zaman çəkilən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra diqqət mərkəzinə düşüb.
181 santimetr boyu, incə bədən quruluşu və xarici görünüşü istifadəçilərin diqqətini çəkib. Onun görünüşünün iş geyimi və ətrafındakı tullantılarla kəskin kontrast yaratması isə videoların daha çox yayılmasına səbəb olub.
Leng Minhui daha sonra sosial şəbəkələrdə kənd ərazisində qeyri-adi moda nümayişləri ilə tanınan model Lu Xianrenin diqqətini çəkib. Lu onu “təbii supermodel” adlandıraraq podium texnikası ilə bağlı məsləhətlər verməyə başlayıb və ilk model işlərini əldə etməsinə kömək edib.
Qadın ötən ilin noyabrında Şençjendə keçirilən Fashion Source moda nümayişində peşəkar podium debütünü edib. Daha sonra Chery şirkəti və Çinin Zhu Bingren Copper brendi ilə əməkdaşlıq edib.
Bununla belə, müxtəlif model agentliklərindən təkliflər alsa da, Leng hazırkı işindən ayrılmaq qərarına gəlməyib.
“Zibil toplamaq mənə normal həyat yaşamaq imkanı verir, modelliksə mənim arzumdur. Bu iki şey bir-birinə mane olmur”, – deyə çinli qadın bildirib.
Beləliklə, sosial şəbəkələrdə böyük maraq doğuran Leng Minhui model kimi fəaliyyət göstərməsinə baxmayaraq, əsas işini davam etdirməyi seçib.
News365.az