Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan noyabr ayında birgə müdafiə əməkdaşlığının genişləndirilməsi məqsədilə yeni görüş keçirməyi planlaşdırırlar.
News365.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əş-Şeybani ilə danışıqların yekunlarına dair açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Məkkə paktına üzv ölkələrin nümayəndələrinin görüşünün Almaniyada keçirilməsi nəzərdə tutulur.
Görüşdə sazişin institusionallaşdırılması və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Fidan həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirdən ibarət R4 qrupunun Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın daxil olduğu E4 formatı ilə görüşünün planlaşdırıldığını açıqlayıb.
“Bir neçə həftə əvvəl İstanbulda görüşdük və gördük ki, Yaxın Şərq və Avropa regional və qlobal problemlərə demək olar ki, eyni yanaşır”, – Fidan deyib.
O bildirib ki, tərəflər Rusiya–Ukrayna müharibəsinin və İran–ABŞ qarşıdurmasının dayandırılmasını, Fələstin–İsrail probleminin iki dövlət prinsipi əsasında həllini və Qəzzaya humanitar yardımın çatdırılmasını vacib hesab edirlər.
Qeyd edək ki, təqdim olunan məlumata əsasən, Məkkə sazişi avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Oktyabrın 5-də isə iştirakçı ölkələrin birgə müdafiə öhdəliklərinin praktiki icrasına keçmək barədə qərar qəbul etdiyi bildirilir.