9 minə yaxın bağça müəllimi sertifikatlaşdırmadan keçəcək

9 minə yaxın bağça müəllimi sertifikatlaşdırmadan keçəcək
12:44

“Müasir dövrdə hər bir ölkənin qarşısında bir sıra strateji vəzifələr dayanır. Ən əsas məqsədlərdən biri təhsilin bütün pillələrinin dinamik inkişafına nail olmaqdır. Azərbaycan da bu sahədə ciddi nailiyyətlər əldə edir”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.

Deputat bildirib ki, Azərbaycanda təhsilin inkişafı konseptual xarakter daşıyır. Ölkəmizdə təhsil sistemi konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması sahələrində uğurlar əldə olunub. Digər tərəfdən, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə də mühüm irəliləyişlər mövcuddur.

Millət vəkilinin sözlərinə görə, son illər məktəbəqədər təhsil pilləsində də nəzərəçarpan yeniliklər var. Məktəbəqədər təhsil ölkəmizdə fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Uşaqların bu prinsiplər əsasında formalaşdırılması üçün təbii ki, peşəkar mütəxəssislərin olması da vacib şərtlərdən biridir. Bu baxımdan, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin keçirilməsi əhəmiyyətli addımdır. Dekabrın 5–6-da dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Samir Vəliyev qeyd edib ki, bu sertifikatlaşdırmanın keçirilməsində əsas məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını müəyyənləşdirməkdir. Bu prosesin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və prosesdə iştirak etməyən şəxslərə dair istisnalar da nəzərə alınır. Sertifikatlaşdırılma prosesində ümumilikdə 9 minə yaxın şəxsin iştirakı gözlənilir.

“Ümid edirik ki, proses bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının daha da artmasına müsbət təsir göstərəcək. Nəzərə alaq ki, məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan, bu sahədə çalışan şəxslərin üzərinə böyük məsuliyyət düşür. Ona görə də, sertifikatlaşdırılma prosesi çox böyük önəm kəsb edir” – deyə, Samir Vəliyev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada