Bakıda qazax xalqının mədəniyyətinə həsr olunan beynəlxalq sərgi açılıb - FOTOLAR

Bakıda qazax xalqının mədəniyyətinə həsr olunan beynəlxalq sərgi açılıb - FOTOLAR
16:15

Bakıda qazax xalqının çoxəsrlik tarixi və zəngin mədəni irsini əks etdirən beynəlxalq sərgi açılıb.

News365.az-ın verdiyi məlumata görə, Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Qazaxların ənənəvi mədəniyyəti” adlı sərgi Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycan və Qazaxıstanın müvafiq dövlət qurumları və muzeylərinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Sərginin əsas məqsədi Azərbaycan və Qazaxıstan arasında mədəni-humanitar əlaqələri möhkəmləndirmək, eləcə də beynəlxalq muzey əməkdaşlığını inkişaf etdirməkdir.

Ekspozisiyada Qazaxıstan Milli Mərkəzi Muzeyinin kolleksiyasından olan 69 etnoqrafik eksponat nümayiş etdirilir. Bu nümunələr qazax xalqının ənənəvi həyat tərzini, məişət mədəniyyətini, təsərrüfat fəaliyyətini və sənətkarlıq ənənələrini əks etdirir.

Sərgidə qədim köçəri mədəniyyətinin izlərini daşıyan məişət və təsərrüfat əşyaları, at ləvazimatları, zərgərlik nümunələri, keçə və toxuculuq məmulatları, milli geyimlər və bəzək əşyaları təqdim olunur.

Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstan Milli Mərkəzi Muzeyinin ümumi məsələlər üzrə direktor müavini vəzifəsini icra edən Askar Axmanov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Yedil Mırzaxanov, Xalq yazıçısı Elmira Axundova və Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova çıxış ediblər.

Çıxışlarda Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq münasibətlərinin, mədəni-humanitar əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu cür beynəlxalq sərgilər xalqların mədəni irsinin qarşılıqlı tanıdılması, muzeylərarası əlaqələrin genişləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olub, nümayiş etdirilən eksponatların tarixi və etnoqrafik xüsusiyyətləri barədə ətraflı məlumat alıblar.


Sizin reklam burada
Sizin reklam burada