ABŞ-İsrail münasibətlərində yeni siyasi mərhələnin başlanması ehtimalı gündəmə gəlib. İsrailin baş naziri Benyamin Netanyahunun gələcək taleyi ilə bağlı müzakirələr fonunda Vaşinqtonun mümkün hakimiyyət dəyişikliyinə münasibəti də diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın Netanyahunun mümkün siyasi rəqibi Qadi Ayzenkotla əməkdaşlığa hazır olduğunu bildirməsi Ağ Evin Təl-Əvivdə fərqli siyasi ssenariləri də nəzərdən keçirdiyini göstərir.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin açıqlamasına görə, İsrail xalqının demokratik seçimi nəticəsində Qadi Ayzenkot baş nazir olarsa, Tramp administrasiyası onunla işləməyə hazırdır. Bu bəyanat Trampın əvvəlki dövrlərdə Netanyahuya göstərdiyi siyasi dəstəyə baxmayaraq, Vaşinqtonun gələcəkdə başqa hökumət rəhbəri ilə əməkdaşlıq etmək niyyətində olduğunu ortaya qoyur.
Bəs Tramp həqiqətən Netanyahunun siyasi səhnədən getməsində maraqlıdır? Mümkün hakimiyyət dəyişikliyi ABŞ-İsrail münasibətlərinə necə təsir göstərə bilər?
Politoloq Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib ki, Trampın Netanyahuya münasibəti heç vaxt tam müsbət olmayıb. Onun fikrincə, ABŞ prezidenti İsraildəki radikal sağçı dairələrin və Dünya Sionist Təşkilatının təsir imkanlarını nəzərə alaraq Netanyahu ilə əməkdaşlıq etməyə məcbur qalıb.

Politoloq hesab edir ki, Netanyahu ABŞ-ın milli maraqlarına uyğun gəlməyən qərarların qəbulunda da Trampa təsir göstərib. Xüsusilə İranla müharibə məsələsində İsrail hökumətinin mövqeyinin Vaşinqtonun siyasətinə təsiri ABŞ üçün ciddi problemlər yaradıb.
“Tramp Netanyahunun təzyiqi ilə İranla müharibəyə girdi və nəticədə ABŞ özü üçün həlli kifayət qədər mürəkkəb olan problemlə üzləşdi. Bu qarşıdurmanın siyasi və iqtisadi nəticələri Vaşinqtonun mövqeyinə də təsirsiz ötüşmədi.
Eyni zamanda, İranla müharibənin nəticələri fonunda respublikaçıların aralıq seçkilərində həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlüyü itirməsi məsələsi diqqətdən kənarda qalmamalıdır. Müharibədən əvvəl ABŞ-da və beynəlxalq ictimaiyyətdə Epşteyn işi geniş müzakirə olunurdu. Münaqişə başladıqdan sonra isə bu məsələ gündəmin arxa planına keçdi. Bu proseslərin təsadüfi olmadığını düşünmək üçün əsaslar var.
Daimi siyasi təzyiq və şantaj iddiaları ilə üzləşən Trampın Netanyahuya münasibətinin müsbət olduğunu söyləmək çətindir. Onların arasında ciddi fikir ayrılıqlarının olduğu zaman-zaman mətbuata da sızıb. Bütün bunlar Trampın da Netanyahu ilə yollarını ayırmaqda maraqlı ola biləcəyini göstərir. Bu baxımdan İsraildə Netanyahu blokunun hökumət qurmaq üçün kifayət qədər mandat əldə edə bilməməsi Tramp administrasiyasının maraqlarına uyğun ssenari sayıla bilər”.
Əli Zülfüqaroğlu hesab edir ki, Netanyahunun şəxsi siyasi ambisiyalarını İsrailin dövlət maraqlarından üstün tutması ölkə daxilində və beynəlxalq müstəvidə ciddi narazılıq yaradıb. Onun sözlərinə görə, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə üzləşən baş nazir məhkəmə proseslərindən yayınmaq üçün müharibə siyasətinə üstünlük verir. Bu yanaşma isə İsrailin beynəlxalq nüfuzuna ciddi zərbə vurub.
Politoloq bildirib ki, Netanyahunun Qəzza siyasəti nəticəsində İsrail beynəlxalq təzyiqlərlə üzləşib, ölkənin diplomatik manevr imkanları məhdudlaşıb. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barəsində həbs qərarı çıxarması da vəziyyəti daha da mürəkkəbləşdirib.
“İsrail tarixində görünməmiş vəziyyət yaranmışdı. Baş nazirin ən yaxın müttəfiqlərindən biri olan Britaniyaya səfəri zamanı belə həbs olunmaq riski ilə üzləşməsi ölkənin düşdüyü diplomatik vəziyyətin göstəricisidir. Buna görə də təkcə İsrail cəmiyyətində deyil, ABŞ administrasiyası da daxil olmaqla bir sıra beynəlxalq siyasi dairələrdə Netanyahunun hakimiyyətdən getməsinin tərəfdarları var idi”.
ABŞ-İsrail münasibətlərinin gələcək perspektivindən danışan politoloq qeyd edib ki, Netanyahu hakimiyyəti dövründə iki ölkə arasında dəfələrlə ciddi fikir ayrılıqları yaşanıb. Onun fikrincə, Vaşinqton artıq İsrailin regional siyasətinin ABŞ-ın maraqları ilə ziddiyyət təşkil etməsindən narahatdır.
Əli Zülfüqaroğlu ABŞ-ın vitse-prezidenti Cey Di Vensin açıqlamalarını da bu baxımdan qiymətləndirib. O bildirib ki, Vensin çıxışlarında İsrail maraqlarının ABŞ-ın milli maraqlarından üstün tutulmasının Vaşinqton üçün qəbuledilməz həddə çatdığı mesajı yer alıb.
Politoloqun qənaətinə görə, ABŞ-ın Suriya siyasətində müəyyən dəyişikliklərə getməsi və Yaxın Şərq məsələlərində Türkiyə ilə koordinasiyanı gücləndirməsi də Tramp-Netanyahu münasibətlərindəki ziddiyyətləri dərinləşdirən amillərdəndir.
“Bundan sonrakı mərhələdə Vaşinqtonla Təl-Əviv arasında münasibətlər Netanyahu dövrü ilə müqayisədə daha az gərgin ola bilər. Ancaq burada əsas məsələ yeni baş nazirin ABŞ-ın maraqlarını nə dərəcədə nəzərə alacağı və Amerikadakı təsir imkanlarından hansı istiqamətdə istifadə edəcəyidir.
Ayzenkot da sionist dünyagörüşünə malik siyasətçidir. Onun oğlu HƏMAS-la müharibədə həyatını itirib. O, İsrailin mövcud ideoloji xəttini müdafiə etməklə yanaşı, ölkənin genişlənmə siyasətini dəstəkləyən mövqedədir. Bununla belə, Netanyahu hökumətinin dağıdıcı hesab etdiyi siyasətinə qarşı çıxıb və belə yanaşmanın İsrailin öz maraqlarına ciddi zərər vurduğunu bildirib”.
Politoloq hesab edir ki, Ayzenkotun mümkün hakimiyyəti Yaxın Şərqdəki bütün problemlərin həll olunacağı anlamına gəlmir. Onun fikrincə, İsrailin regional siyasətində əsaslı dəyişikliklər olmadan qonşu dövlətlərlə münasibətlərin normallaşması çətin görünür.
Əli Zülfüqaroğlunun sözlərinə görə, Ağ Ev İsraildə hakim