“Azərbaycanda hər bir sahədə olduğu kimi, dövlət qulluğu sahəsində də önəmli islahatlar həyata keçirilir. Bu islahatlar dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Yeni Dövlət Qulluğu Məcəlləsi də bu islahatların mühüm tərkib hissəsidir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib
ki, məcəllə parlamentin oktyabrın 16-da keçirilən iclasında üçüncü
oxunuşda qəbul olunub. Noyabrın 16-da isə Prezident İlham Əliyev “Azərbaycan
Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunu imzalayıb.
Millət vəkili
xatırladıb ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında dövlət
idarəçiliyinin və qulluğunun təkmilləşdirilməsi istiqamətində Dövlət Qulluğu
Məcəlləsinin hazırlanması əksini tapırdı. Məcəllə dövlət qulluğunun hüquqi,
təşkilati və maliyyə-iqtisadi əsaslarının vahid kodifikasiya olunmuş normativ
hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur. Sənəd Ümumi və Xüsusi
hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir.
Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının
və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və
vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin
dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və
sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin
qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf,
əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam
məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər
tənzimlənir.
Samir Vəliyev qeyd
edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə müasir dövlət qulluğu
sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunda xidmətləri əvəzsizdir. Azərbaycanın sürətlə inkişaf edərək
beynəlxalq nüfuzunu möhkəmləndirməsinin, mühüm regional aktora çevrilməsinin
təməlində Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı
islahatlar dayanır. Prezident İlham Əliyevin bu islahatları daha da
genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə
artmaqdadır. Əminliklə söyləmək olar ki, ölkəmizdə müasir tələblərə cavab verən
dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları
dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin
olunması üçün zəruri təsisatlar yaradılıb. Müstəqilliyini bərpa etdikdən sonra
Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin
təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması istiqamətində mühüm
əhəmiyyətli tədbirlər görülüb, yeni idarəetmə orqanları yaradılıb. Bu
orqanların dövlət quruculuğunda, ölkənin idarə olunmasında rolunu artırmaq,
fəaliyyətini daha da səmərəli etmək üçün onların əsasnamə və nizamnamələrində,
eləcə də strukturlarında müvafiq dəyişikliklər olunur, vəzifələri və
funksiyaları dəqiqləşdirilir.
“Bu baxımdan, yeni Dövlət Qulluğu Məcəlləsi
də böyük əhəmiyyət kəsb edir. Sənəddə dövlət qulluğu sahəsində qüvvədə olan bir
sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilib. Yeni
sənəd dövlət qulluğu sahəsində hüquqi bazanı daha da gücləndirir” – deyə,
deputat vurğulayıb.