Qazaxıstanda 6 il davam edəcək qızıl axtarışı: 200 quyu qazılacaq

Qazaxıstanda 6 il davam edəcək qızıl axtarışı: 200 quyu qazılacaq
14:55

Qazaxıstanda yeni qızıl yataqlarının aşkarlanması məqsədilə genişmiqyaslı geoloji-kəşfiyyat işlərinə hazırlıq görülür. “Assana Company” şirkəti ölkənin şimal-şərqində, Balxaşətrafı ərazidə yerləşən sahədə qızıl ehtiyatlarının müəyyənləşdirilməsi üçün tədqiqatlar aparmağı planlaşdırır.

Layihə sənədlərinə əsasən, bu barədə məlumat verilib.

Kəşfiyyat sahəsi Abay və Jetisu vilayətlərinin sərhədində yerləşir və ümumilikdə 14 blokdan ibarətdir. Layihənin əsas məqsədi ərazinin geoloji quruluşunu öyrənmək, qızıl minerallaşması ehtimalı olan sahələri aşkar etmək, filiz yataqlarının yerləşməsini, qalınlığını və mineral tərkibini müəyyənləşdirməkdir. Eyni zamanda, mümkün faydalı qazıntı ehtiyatlarının həcminin qiymətləndirilməsi nəzərdə tutulur.

İşlər çərçivəsində geoloji xəritələşdirmə, geokimyəvi nümunələrin götürülməsi, maqnit və qamma-spektrometrik ölçmələr, elektrik kəşfiyyatı və kern qazması həyata keçiriləcək. Süxur çıxıntılarının öyrənilməsi və nümunələrin toplanması üçün ayrı-ayrı xəndəklər və kiçik qazıntılar da aparılacaq.

Şirkət ümumilikdə 200 kəşfiyyat quyusunun qazılmasını planlaşdırır. Quyuların ümumi dərinliyi 40 min metr, hər birinin orta dərinliyi isə 200 metr olacaq. Qazma işlərinin 2026-cı ilin dördüncü rübündən 2032-ci ilin üçüncü rübünədək davam etməsi nəzərdə tutulur.

Qazma zamanı LF-90s, Boyles C-6 və ya oxşar avadanlıqlardan istifadə ediləcək. İşlərin tam kern çıxarılması ilə aparılması planlaşdırılır. Bütün qazma proqramı üzrə su sərfiyyatının təxminən 250 kubmetr olacağı bildirilir. Qazma prosesində dövriyyəli, gil əsaslı məhluldan istifadə ediləcək.

Qeyd olunur ki, kəşfiyyat sahəsi xüsusi mühafizə olunan təbiət ərazilərinin hüdudlarından kənarda yerləşir. “Assana Company” layihəni öz əməkdaşları və tender yolu ilə seçiləcək ixtisaslaşmış podratçıların iştirakı ilə həyata keçirəcək. Qazma işlərini görəcək podratçılardan müvafiq lisenziyaların olması tələb ediləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada