Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum aylıq əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif edilir.
News365.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
Onun sözlərinə görə, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi səbəbindən həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti veriləcək.
Dəyişikliklər sözügedən qanunun 21-ci maddəsini əhatə edir.
Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114 və 135-ci maddələrinə uşağa qulluqla bağlı dəyişikliklər təklif olunur.
Eyni zamanda, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 87 və 88-ci maddələrinə, eləcə də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38-ci maddəsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Arzu Nağıyev bildirib ki, təklif olunan yeniliklər hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, xidmət şəraiti ilə əlaqədar yaranan məşğulluq problemlərinin azaldılmasına və qanunvericilik aktlarının təkmilləşdirilməsinə xidmət edir.