İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi
17:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

News365.az xəbər verir ki, qonaq Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlarına görə minnətdarlığını bildirib və öz salamlarını Almaniya Prezidentinə və Federal Kanslerə çatdırmağı xahiş edib.

Görüşdə bu ilin iyulunda Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq gündəliyinə, eləcə də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair birgə bəyannamələrin ikitərəfli əməkdaşlığın inkişafındakı roluna toxunulub.

Söhbət zamanı iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, investisiya, biznes, ənənəvi və alternativ enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib, bu ildən etibarən Azərbaycan qazının Almaniyaya ixracına başlanmasına diqqət çəkilib.

Görüşdə, həmçinin Azərbaycanın Orta Dəhlizdəki rolu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Sizin reklam burada
Sizin reklam burada