Azərbaycanda bəzi vətəndaşlar yaşadıqları evlərin və ya torpaq sahələrinin mülkiyyət sənədləri olmadığı üçün kommunal xidmətlərdən istifadə zamanı çətinliklərlə üzləşirlər. Xüsusilə çıxarışı olmayan evlərə təbii qazın verilməsi məsələsi müzakirə doğurur.
Bəs torpaq sahəsinin və tikilinin çıxarışı olmadıqda vətəndaşın qaz təminatından yararlanması mümkündürmü?
News365.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, təbii qazın verilməsi üçün tələb olunan əsas sənədlərdən biri torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışdır.
Onun sözlərinə görə, təkcə torpaq sahəsinə deyil, həmin ərazidə inşa edilmiş evə və ya tikiliyə dair də müvafiq dövlət qeydiyyatı olmalıdır.
Hüquqşünas qeyd edib ki, torpaq sahəsi və tikili ilə bağlı müvafiq sənədlər olmadıqda, “Azəriqaz” tərəfindən həmin ünvana təbii qazın verilməsi nəzərdə tutulmur.
Beləliklə, mülkiyyət hüququnu təsdiq edən sənədlərin olmaması vətəndaşların təbii qazla təminatında ciddi maneə yarada bilər.