Türkiyədə “Sözcü TV”nin idarəçiliyinə qəyyum təyin edilməsi ölkənin media və siyasi gündəmində müzakirələrə səbəb olub. Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı isə məsuliyyətin telekanalın rəhbərliyindən soruşulmalı olduğunu bildirib.
News365.az “Haber Global”a istinadən xəbər verir ki, partiyasının qrup toplantısından sonra jurnalistlərlə söhbət edən Baxçalı “Sözcü TV”yə qəyyum təyin olunması ilə bağlı suala münasibət bildirib.
O, məsələnin səbəbləri və nəticələri barədə ən doğru cavabın telekanalın rəhbərliyindən alınmalı olduğunu vurğulayıb.
“Bu sualın səbəbləri və nəticələri ‘Sözcü’ rəhbərlərindən soruşulmalıdır. Bu, hər axşam sözlərini qulaqardına vurub hər şeydən danışan insanlardan soruşulmalıdır”, – deyə MHP sədri qeyd edib.
Xatırladaq ki, Türkiyədə “Sözcü TV”nin binasında səhər saatlarında polis əməliyyatı keçirilib. Əməliyyat çərçivəsində bir sıra rəhbər şəxslər saxlanılıb, telekanalın və xəbər saytının idarəçiliyinə isə qəyyum təyin edilib.
“NTV”nin məlumatına görə, əməliyyat media şirkətinin sahibi Burak Akbayın FETÖ terror təşkilatı ilə maliyyə əlaqələrinin olması ehtimalı ilə bağlı aparılan araşdırma çərçivəsində həyata keçirilib.
Saxlanılanlar arasında şirkətin Direktorlar Şurasının sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktor Asim Akgül də yer alıb.