Çin və Azərbaycan strateji tərəfdaşlığın inkişafını müzakirə edib -FOTO

Çin və Azərbaycan strateji tərəfdaşlığın inkişafını müzakirə edib -FOTO
16:50

Çin və Azərbaycan ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi və hərtərəfli strateji tərəfdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

News365.az xəbər verir ki,Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkələr arasında əməkdaşlıq məsələləri noyabrın 17-də Çin xarici işlər nazirinin köməkçisi Liu Bin ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov arasında keçirilən görüşdə müzakirə olunub.

Liu Bin qeyd edib ki, Çin Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi sayəsində iki ölkə arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlığın tarixən ən yüksək səviyyəsinə çatıb.

Onun sözlərinə görə, Çin iki dövlət başçısının əldə etdiyi mühüm razılaşmaları rəhbər tutaraq Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyə və ikitərəfli münasibətlərin inkişafında yeni nailiyyətlər əldə etməyə hazırdır.

Öz növbəsində, Elçin Əmirbəyov Çin tərəfini Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının beşinci plenumunun uğurla keçirilməsi münasibətilə təbrik edib.

O vurğulayıb ki, Azərbaycan Çinlə münasibətlərə böyük əhəmiyyət verir, “Vahid Çin” prinsipinə qəti şəkildə sadiqdir və Çin Sədri Si Cinpinin irəli sürdüyü dörd qlobal təşəbbüsü dəstəkləyir.

E.Əmirbəyov, həmçinin iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına töhfə verilməsi istiqamətində Çin tərəfi ilə birgə işləməyə hazır olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada