Əlavə dəyər yaratmaq kimi ciddi problemimiz var

Əlavə dəyər yaratmaq kimi  ciddi problemimiz var
09:59

Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 milyard 80 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Satış 2025-ci ilin yanvar-iyul aylarına nisbətən 23.8% artıb.

Bəs, nə baş verib? İnsanlar daha çox xəstələnir?

Mövzu ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, ola bilər insanlar daha çox xəstələnir, amma, bu barədə məlumat yoxdur:

“Deməli dərmanların qiyməti kəskin artıb, bahalaşmaya görə vətəndaşın da dərman xərcləri son 1 ildə 24%-ə yaxın artıb.

Məsələn 2026-cı ilin yanvar-iyul ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 327 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 4.9% çoxdur.

Bu ilin əvvəlindən benzin 5 qəpik, dizel yanacağı 10 qəpik bahalaşıb - əsas səbəb budur. Yəni, bu məsələdə də əsas faktor qiymət artımıdır.

Və yaxud 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq məhsul satılmışdır. Əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 19,3 milyard manat xərcləyib. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərcləyib.

Əvvəla onu deyim ki, istənilən ölkədə vətəndaşların ay ərzində xərclədiyi vəsaitin 50%-i civarında ərzaq məhsullarına gedirsə, həmin ölkə vətəndaşları kasıb sayılır. Son 1 ildə ərzaq, içki, tütün məhsullarına eyni dövr üçün xərclər 1 mlrd. 540 mil. manat artıbsa, bu da inflyasiya, qiymət artımının göstəricisidir.

Deməli ölkədə insanların real gəlirləri artmır, ÜDM artım tempi aşağıdır, əlavə dəyər yaratmaq kimi problemimiz var, iqtisadi aktivlik zəifdir – amma, qiymət artımı nəzərəçarpacaq dərəcədə davam edir...”

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada