Natiq Cəfərli bank kartları ilə bağlı qəbul edilən qərarı tənqid etdi

Natiq Cəfərli bank kartları ilə bağlı qəbul edilən qərarı tənqid etdi
13:00
Qulaqların kəsilib, sonra sayılması davam edir – hətta, bu artıq idarəetmə normasına çevrilib.
News365.az xəbər verir ki, bu sözləri REAL partiyasının sədri Natiq Cəfərli deyib. O əlava edib: "Bir müddət əvvəl "card to card" məsələsi ilə bağlı mənasız qərar qəbul etdilər, məhdudiyyətlər gətirdilər (təvazökarlıqdan kənar olsa da, üzrlü sayın, elə qərar olan gün dedik ki, mənasız yayaşmadır, insanlar 1 əvəzinə 5-6 kart açacaqlar).
Məqsəd də, güya, vergidən yayınmanın qarşısını almaq idi. Amma, məntiqlə əvvəl ciddi müzakirə olmalı idi ki, kiçik-orta sahibkarlar niyə vergidən yayınmağa can atırlar, nədir onların problemi, niyə nəğdsiz ödənişlərlə bağlı infrastruktur bahalıdır, nə səbəbə pos-terminalların xidmət haqqı bizdə qonşu ölkələrdən 2-3 dəfə bahadır?! Niyə hər pos-terminal üçün aylıq haqq, hardasa, 20 manat, nağdsız ödənişlər zamanı sahibkardan tutulan xidmət haqqı isə 2% civarında olmalıdır?! Axı bu da faktiki vergidir, xərcdir.
Yəni, tez-tələsik qərar verib bütün qulaqları kəsdilər, indi saymağa başlayanda anladılar ki, bizim vətəndaşlar hökumətdən daha kreativdir, indi 1 yox, 5 kart alıb o mənasız məhdudiyyətdən yan keçə bilirlər.
İndi də qərar verdilər ki, manatla hər bankdan cəmi 1 kart ala bilərsən – yəni, yenidən gözdən qaçan qulaqları kəsməyə başladılar. Bu da işlək olmayacaq, mənasız məhdudiyyətdir – birincisi, bankların işinə müdaxilədir, ikincisi, indi öz adına 1 kart açacaqsa, qohum-əqrabası adına da yenə lazım olduğu qədər karta sahib olacaq. Vəssalam.
Hörmətli qərar verənlər, anlayın, bilin ki, dünyada iki məsələnin qarşısını inzibatı və manasız yolla, qadağalarla almaq mümkün deyil – pul və ideya. Hətta, SSRİ belə bunu bacarmadı, nə pulun, nə ideyanın qarşısını ala bilmədi, siz də eyni səhv yolla gedirsiniz. Əvvəl problemi doğru təsbit edin, sonra həll yollarını müzakirə edin, lap sonda qərar verin – tam tərsinə edirsiniz, müzakirəsiz qərar verirsiniz, sonra görürsünüz ki, işləmir, başlayırsız daha səhv qərarlar verməyə.
Olmaz belə, iqtisadiyyatı boğursuz, aşırı tənzimləmə, qadağa, məhdudiyyətlər, yüksək vergilər, əlavə qeyri-qanuni və qanuni xərclər – bütün bunlar zatən zəifləmiş iqtisadiyyatı daha da batırır. Görmürsünüz bunu?!"

Sizin reklam burada
Sizin reklam burada