Meyvə boldur, qiymətlər niyə düşmür? Bahalaşmanın görünməyən səbəbləri

Meyvə boldur, qiymətlər niyə düşmür? Bahalaşmanın görünməyən səbəbləri
13:25

Meyvələrin qiymətinin formalaşmasında təkcə məhsulun bolluğu və ya qıtlığı rol oynamır. İstehsal prosesində çəkilən xərclər, daşınma, vasitəçilərin qazancı və məhsulun bazara çatdırılması zamanı yaranan əlavə məsrəflər də son qiymətə ciddi təsir göstərir.

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, son illər kənd təsərrüfatında istehsal xərclərinin artması meyvələrin maya dəyərinin yüksəlməsinə səbəb olan əsas amillərdəndir. Gübrə, bitki mühafizə vasitələri, yanacaq, suvarma, texnika və işçi qüvvəsi üçün ayrılan vəsait fermerlərin xərclərini artırır.


Müsahibimiz bildirir ki, bağlara qulluq, məhsulun yığılması və qablaşdırılması da ümumi maya dəyərinə əlavə olunur. Fermer çəkdiyi xərcləri satış qiymətində kompensasiya etməyə çalışdığından, bazarda məhsul bol olsa belə, qiymətlər aşağı düşməyə bilər.

Bahalaşmanın digər səbəblərindən biri isə məhsulun istehsalçıdan istehlakçıya çatana qədər keçdiyi uzun satış zənciridir. Bölgələrdə fermerdən nisbətən ucuz qiymətə alınan meyvə Bakının bazarlarına çatana qədər bir neçə mərhələdən keçir. Daşınma, yanacaq, topdansatış, bazar icarəsi və vasitəçilərin mənfəəti məhsulun üzərinə əlavə olunur. Beləliklə, fermerin satış qiyməti ilə alıcının ödədiyi məbləğ arasında ciddi fərq yaranır.

Akif Nəsirli qeyd edir ki, noyabrın əvvəlində yayılan bazar araşdırmalarında da satıcılar qiymət artımını əsasən yanacaq və logistika xərcləri ilə əlaqələndiriblər.

İxrac amili də bəzi məhsulların daxili bazardakı qiymətinə təsirsiz ötüşmür. İqtisadçının fikrincə, xarici bazarlarda Azərbaycan meyvələrinə daha yüksək qiymət təklif olunarsa, istehsalçılar məhsulun müəyyən hissəsini ixraca yönəldə bilərlər. Bu isə ölkə daxilində satışa çıxarılan məhsulun həcmini azaldaraq qiymətlərin yüksəlməsinə şərait yarada bilər. Bununla belə, ixracı bütün meyvə növlərində bahalaşmanın əsas səbəbi kimi qiymətləndirmək düzgün olmazdı.

Digər ciddi problem isə məhsulun saxlanılması üçün infrastrukturun yetərli səviyyədə inkişaf etməməsidir. Müasir soyuducu anbarların və çeşidləmə məntəqələrinin azlığı fermerləri məhsulu yığım mövsümündə qısa müddətdə satmağa məcbur edir. Nəticədə istehsalçı bəzən məhsulunu aşağı qiymətə satmalı olur, sonrakı satış mərhələlərində isə həmin məhsul istehlakçıya daha baha təklif edilir.

Akif Nəsirli hesab edir ki, meyvə bazarında qiymətlərin sabitləşməsi üçün fermerlərin birbaşa satış imkanları genişləndirilməli, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti gücləndirilməli və soyuducu anbarların sayı artırılmalıdır. Eyni zamanda, topdansatış bazarlarında şəffaf rəqabət mühitinin yaradılması vacibdir.

İqtisadçının qənaətinə görə, əsas məsələ yalnız mövsümi məhsulun yetişdirilməsi deyil, onun istehsalçıdan istehlakçıya hansı xərclərlə və hansı satış mexanizmi ilə çatdırılmasıdır. Bu zəncirdəki problemlər aradan qaldırılmadıqca, mövsüm gəlsə belə, məhsul bolluğunun qiymətlərdə ucuzlaşma kimi əks olunması çətin olacaq.


Sizin reklam burada
Sizin reklam burada