Rusiyadakı gizli toplantı ifşa oldu - Putindən Zelenski üçün ölüm qərarı

Rusiyadakı gizli toplantı ifşa oldu - Putindən Zelenski üçün ölüm qərarı
11:45

Rusiya mətbuatında Vladimir Putinin sədrliyi ilə keçirilən gizli Təhlükəsizlik Şurası iclasında Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlarının hədəfə alınmasına dair qeyri-rəsmi məhdudiyyətin ləğv edildiyi iddia olunur. Kreml bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.

“Moskovski Komsomolets” və “Bloknot” nəşrlərinə istinadən yayılan xəbərlərə görə, noyabrın 12-də keçirilən qapalı iclasda Ukraynanın Rusiyanın neft ixracı infrastrukturuna, xüsusilə Baltik dənizi sahilindəki Ust-Luqa limanına hücumları müzakirə olunub.
 

İddialara əsasən, Rusiya təhlükəsizlik rəsmiləri Ukraynanın hərbi və siyasi rəhbərliyinə qarşı daha sərt əməliyyatların keçirilməsini, o cümlədən hücum əmrlərini verən şəxslərin hədəfə alınmasını təklif ediblər.


Müzakirələrdə Zelenski ilə yanaşı, Ukrayna Baş Qərargahının yüksək rütbəli hərbçilərinin də mümkün hədəflər sırasında olduğu bildirilir. Həmçinin bunker və avtomobil karvanlarına zərbələr endirilməsi, FAB-3000 bombalarından və “İsgəndər” ballistik raketlərindən istifadə imkanlarının nəzərdən keçirildiyi iddia olunur.

Rusiya mətbuatının məlumatına görə, Leninqrad vilayətində hava hücumundan müdafiə sistemlərinə təxminən 24 milyard rubl (300 milyon dollar) vəsait xərclənib. Buna baxmayaraq, Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumlarının qarşısını tam almaq mümkün olmayıb.

Xəbərlərdə iddia olunan qərarın icrası ilə bağlı rəsmi əmr verildiyi təsdiqlənməyib. Zelenskiyə qarşı əvvəlki sui-qəsd cəhdləri və tərəflər arasında guya mövcud olmuş qeyri-rəsmi razılaşma barədə məlumatlar da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.


Sizin reklam burada
Sizin reklam burada